XƏBƏRLƏR

13.06.2019 09:46
Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək  

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru Erik Maskin UNEC-də olub.

Universitetdən AzEdu.az-ya verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının dəvətilə Bakıda olan Erik Maskin səfər çərçivəsində UNEC-in rəhbərliyi və professor müəllim heyəti ilə görüşüb.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonağa universitet barədə ətraflı məlumat verilib. Erik Maskinə UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor universitetdə iqtisadiyyatın müxtəlif sahələrinin aktual problemlərini araşdıran 30-a yaxın elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

 

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən Nobel mükafatçısı universitetdə elmi tədqiqat istiqamətində aparılan işləri yüksək qiymətləndirərək, bu sahədə universitetə yaxından dəstək göstərə biləcəyini vurğulayıb.

Görüşdə birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. UNEC-də Erik Maskinin rəhbərliyi ilə elmi tədqiqat mərkəzinin yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda birgə tədqiqatların aparılması, konfransların təşkili və alimin UNEC-in ingilis dilli elmi jurnalının redaksiya heyətinə üzvlüyü barədə fikir mübadiləsi aparılıb.

 

İlin gənc müəllimi-Müraciət formu