Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 22:51:00
Goranboydakı köçkün məktəblərində seminar - Foto

Regional İnsan Hüquqları və Media Mərkəzi icra etdiyi “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Goranboy rayonunda məlumatlandırma sessiyası keçirib.

AzEdu.az xəbər verir ki, tədbirdə Goranboy rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 65 saylı, 77 saylı və 102 saylı tam orta məktəb çalışan 39 müəllim iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən Kəlbəcər rayon 102 saylı tam orta məktəbin direktoru Elçin Şirinov  təhsildə elektron resurslardan istifadənin günün tələbi olduğunu vurğulayıb: "Bu gün orta ümumtəhsil məktəbləri şagirdləri və pedaqoji işçilər üçün maraqlı olan onlarla elektron resurs var. Hazırlanan elektron dərsliklər, səsli dərsliklər, video dərslər, elektron tapşırıqlar həm şagirdlər, həm də pedaqoji işçilər üçün maraqlıdır. Təhsillə bağlı bu elektron resursların təbliğinin böyük əhəmiyyəti var və inanırıq ki, bu fəaliyyət təhsilimizin inkişafına töhfə verəcək”.

Daha sonra həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verən layihə rəhbəri Mehman Hüseynov  bildirib ki, hazırki dövrdə təhsili müasir informasiya kommunikasiya vasitələri olmadan təsəvvür etmək mümkün deyil: “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində keçirdiyimiz tədbirlərlə məcburi köçkün məktəblərində çalışan müəllimlərin təhsil sahəsinə aid elektron resurslarla bağlı məlumatlılığının artırılmasına çalışırıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyimiz layihənin məqsədi  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir”.

Tədbirdə  məruzə ilə çıxış edən Xalid Kazımov öncə “Elektron hökumət” portalı və Təhsil Nazirliyinin saytı üzərindən təhsil sahəsinə aid göstərilən elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verib.

Daha sonra elektron hökumət portalında qeydiyyat, bu portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə əyani nümayiş etdirilib.

Orta məktəblərdə dərslərin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək şagirdlərə mənimsədilməsinə imkan verən elektron resurslarla bağlı məlumat verən məruzəçi hər bir elektron resursdan istifadə qaydalarını ayrıca izah edib.

X.Kazımov daha sonra iştirakçılara elektron dərslik, elektron testlər, elektron tapşırıqlar, video dərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud olan imkanlar barədə məlumat verib.

Buraxılış imtahanlarında şagirdlərin xarici dil fənnindən dinləyib-anlama ilə bağlı suallarda çətinlik çəkdiyini bildirən X.Kazımov “e-dərslik”  portalında səsli tapşırıqlardan istifadəni iştirakçılara izah edib.

Məruzəçi daha sonra iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı var. Bu elektron resurs ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.