Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 21:51:00
IV Məntiq Olimpiadası qalibləri mükafatlandırıldı

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

 

BŞTİ-nin müdiri Rəşad Tağıyev son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. İdarə müdiri istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələrin təşkil edildiyini qeyd edib.

 

R.Tağıyev cari tədris ilində BŞTİ-nin tabeliyində olan məktəblərdə təhsil alan şagirdlərin yerli və beynəlxalq olimpiadalardakı uğurlarının kifayət qədər yüksəldiyini söyləyib. Çıxışı zamanı BŞTİ-nin müdiri bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb.

 

İdarə müdiri R.Tağıyev V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. IV Məntiq Olimpiadasının final mərhələsində 1577 şagirdin iştirak etdiyini deyən İdarə müdiri onlardan 44 nəfərin 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olduğunu, 349 nəfərin isə 12 baldan 17 baladək toplayaraq “Tərifnamə”yə layiq görüldüyünü bildirib.

 

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. Olimpiadada 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub.

 

Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.