Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 15:45:00
Dillər Universitetində mediatur təşkil olunub - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

AzEdu.az xəbər verir ki, mediaturda 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri iştirak ediblər. Onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyiblər.

Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev mediatur iştirakçılarına imtahan prosesi barədə məlumat verib. O bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması nəzərdə tutulub. Tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılması növbəti imtahana qədər təşkil ediləcək. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının nümayəndələri, valideynlər imtahan prosesini müşahidə edəcəklər.

Mediatur iştirakçıları ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor qonaqlara mediaturda iştirak etdiklərinə görə təşəkkürünü bildirib, media nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib. Rektor daha sonra universitetin tədris prosesi və beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media mənsubları ilə universitet arasında əməkdaşlığın əhəmiyyətindən söz açıb, bu əlaqələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Rektor KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Mediaturda olduğumuz müddətdə bir çox tələbələrin imtahan həyəcanını və təsürratlarını öyrəndik.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Çinarə Zülfüqarova “ABŞ-da Media” fənindən imtahan verib.

“Normal yazdım. Suallar qənaətbəxş idi. 5 sualdan 4-nü yaxşı yazdım. Biri isə o qədərdə yaxşı deyildi. Bal olaraq 38-40 arası gözləyirəm”.

Beynəlxalq Menasibətlər və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Güllü Səfərova isə “Fransa Mediası” fənindən imtahan verib.

“İmtahan prosesi yaxşı keçdi. Qaydalara ciddi şəkildə əməl olunurdu. Sualları yaxşı cavablandırdım. 35-40 bal gözləyirəm”

Əlizadə Ayşən də Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində oxuyur. O, da həmçinin “Fransa Mediası” fənindən imtahan verib.

“İmtahan çox şəffaf keçdi. Nəzarətçilər yaxşı idilər. Normal yazdım. Ümid edirəm, müsbət nəticə əldə edərəm. Bu imtahana çox hazırlaşmışdım. Əziyyətimin nəticəsinə dəyəcəyinə inanıram”.

Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Məhintac İbrahimova “Regionşünaslıq Yaponiya üzrə” ixtisasında təhsil alır. O, “Mülkü müdafiə” fənindən imtahan verir.

“İmtahan yaxşı keçdi. Heç bir problemlə rastlaşmadıq.Proqramda hər şey geniş şəkildə yazılmışdı. Müəllimimiz də gəlib bilmədiyimiz suallara köməklik etdilər.Hər şey normal idi. Yaxşı hazırlaşmışdım.Çünki imtahanlar arasında vaxt uzun idi. 40-dan yuxarı bal gözləyirəm.İnşallah yaxşı olar”.

Qeyd edək ki, ADU-da 5 fakültə üzrə iyun ayının 3-dən iyul ayının 5-nə qədər  ümumi 363 qurup üzrə  4830 tələbənin imtahan verməsi nəzərdə tutulub.Bu da ümumi universitet üzrə 91 fəndən 21118 imtahan edir.İmtahanlar hər 3 növbədə həyata keçirilir.Bunlar səhər,axşam və günorta növbələridir. Axşam növbəsi daha çox magistraturada oxuyanlar üçün nəzərdə tutulub. İmtahanın vaxtı 3 saatdır. Cavablarda elə imtahan günü və ən geci səhəri gün açıqlanır.

Həmçinin sessiya müddətində imtahanların təşkilində və gedişində nöqsanlara və neqativ hallara yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görmək məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şərait yaradıldığını bildiriblər.

Xatırladaq ki, sessiya ilə əlaqədar olaraq ADU-nun 441-58-63, 440 -06-51, 564-06-51 saylı telefonları və [email protected] elektron poçtu “Qaynar xətt” elan edilib.

Şükufə Süleymanlı

Foto: İsmət PAŞA