Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 15:00:00
Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair təsdiq etdiyi əsasnamələrlə Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirilib, artıq maneələr aradan qaldırılıb.

AzEdu.az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, elmi adların və dərəcələrin verilməsinə dair təsdiq olunan əsasnamələr Azərbaycanın dövlət səviyyəsində aparılan elm siyasətinin daha bir uğurudur: "Etiraf edək ki, bundan əvvəl - 2006-cı ildə qəbul edilmiş əsasnamə SSRİ dövründə mövcud olan elmi adlar və dərəcələr haqqında sənədin kosmetik dəyişikliyi sayəsində hazırlanmışdı. Ancaq yeni təsdiqlənən sənədlər müstəqillik dövrünün elmi adlar və dərəcələrə dair birinci əsasnamədir".

Yeni əsasnamələrdə çoxlu sayda yeniliklərin olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, bunların arasında ən mühümü dissertasiyaların sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə əlaqədardır: "Eyni zamanda, icra prosedurlarının da sadələşdirilməsinə dair də addımlar atılıb. Məsələn, əvvəl doktorluq dissertasiyaları iki dəfə Ali Attestasiya Komissiyasına (AAK) təqdim olunurdu. Dissertasiya işinin hətta bir dəfə AAK-a təqdim olunub müdafiəyə tövsiyə olunması barədə qərar verilirdi, ikinci dəfə isə anlaşılmaz şəkildə işin təsdiq olunması barədə qərar qəbul edilirdi. Bu, tamam formal bir mərhələ idi və doktorantların zərərinə idi. Bu əsasnaməyə görə isə doktorluq dissertasiyası müdafiə olunduqdan sonra bir dəfə AAK-a təqdim olunacaq. Bundan başqa, dissertant üçün müəyyən edilən aparıcı müəssisənin adı bəzən sənədlərdə formal şəkildə yazılırdı. İndiki əsasnamədə bu formal proses də aradan qaldırılıb".

İ.Həbibbəyli qeyd edib ki, yeni əsasnamədə dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların seçilməsi ilə bağlı da dəyişiklik edilib:

"İndiyə qədər dissertantların öz məqalələrini çap etməsi üçün impakt faktorlu jurnalların ən yüksək dərəcəsi nəzərdə tutulurdu. Bu isə bir çox elm, xüsusilə ictimai və humanitar sahələrdə mümkün deyildi. Bu hal istər-istəməz saxtakarlığa, süründürməçiliyə yol açırdı. İndi impakt faktorlu jurnalların dərəcəsi xeyli, reallığa uyğun şəkidə aşağı endirildi. Bu yenilik dissertantlara həm öz məqalələrini həmin nəşrlərdə çap etdirməsinə yol açır, həm də saxtakarlığı tamamilə aradan qaldırır. Ümumiyyətlə, prosedurların və sənədləşmənin sadələşdirilməsi, artıq maneələrin aradan qaldırılması ölkəmizdə elmi kadrların, yüksək səviyyəli mütəxəcəssislərin hazırlanmasının yeni mərhələsinin başlanmasına stimul verəcək".