Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 14:16:00
Magistratura dərəcəsi üzrə qiyabi təhsil nə zaman bərpa ediləcək?- POLEMİKA  

Bir neçə ildir ki, ölkəmizdə magistratura dərəcəsi  üzrə qiyabi təhsil yığışdırılıb. Lakin  istehsalatda, işgüzar həyatda kifayət qədər aktiv  olan bir çox gənclər var ki, onlar qiyabi magistratura təhsili almaq istəyindədirlər.

Ümumilikdə isə, ”Qiyabi təhsilin bərpasına ehtiyac varmı?”, ”Onun ləğvi nə kimi mənfi hallar yaradıb?” sualları hər zaman öz aktuallığını qoruyub.

AzEdu.az bunu nəzərə alaraq, təhsil biliciləri, birbaşa magistr hazırlığı ilə məşğul olan mütəxəssislərin fikirlərini öyrənməyə çalışıb:

“Zirvə” kurslarının rəhbəri Rahib İbrahimov açıqlamasında magistratura dərəcəsi üzrə qiyabi tədrisin ləğvini müsbət hal hesab edir,  fikrini isə bu cür əsaslandırır: 

“Magistratura dərəcəsi üzrə təhsil almamızda əsas məqsədimiz təhsilimizin inkişafına  töhfə verməkdir.

Bu dərəcə üzrə qiyabi təhsil alan tələbə özünü inkişaf etdirə bilməz. Ona görə də mən magistr təhsilinin qiyabi formasının yığışdırılmasını yüksək qiymətləndirirəm. Bu, təhsilimizin inkişafı adına atılmış böyük addımdır.

Günümüzdə bu dərəcə üzrə qiyabi təhsilin bərpa edilməsinə ehtiyac yoxdur. Bizim məqsədimiz ölkəyə savadlı kadrlar verməkdir. Qiyabi təhsil forması ilə bu effekti almaq olmaz.

Əyani təhsil savadlı kadrların formalaşmasına yönəlib. Qiyabi formada insan istər-istəməz təhsildən yayınır və başqa istiqamətə yönəlir. İldə bir dəfə hazırlaşıb imtahan verməklə həmin ixtisas üzrə mütəxəssis oluna bilməz. Buna görə də əyani təhsilin olması müsbət addımdır”.

“Hədəf” Şirkətlər Qrupunun direktoru  Şamil Sadıq isə, bu vəziyyətdən çox narazı olduğunu bildirib:

“Dünya hazırda distant təhsilə keçib. Ölkəmizdə MBA tipli fakültələr var ki, burada dərslər axşam 18:00-dan sonra başlayır. Bu da işdən sonra gedib təhsil almağa imkan verir.

Beynəlxalq standartlarda  qiyabi təhsil anlayışı Sovet dövründən çox fərqlənir.

Bizdəki bakalavrlar magistratura dərəcəsi üzrə qiyabi təhsilin olmamasından əziyyət çəkirlər. Onlar həm oxumaq, həm işləmək istəyirlər. Bu iki nüans isə bir-biri ilə düz gəlmir. Universitetlərimizin bəziləri fərdi dərs cədvəli qura bilir, digərləri isə yox. Bu baxımdan çətinliklər yaşanır. Çünki IV kursu bitirib işləmək və öz ehtiyaclarını qarşılamaq istəyən tələbələr kifayət qədərdir. Bu format üzərində bir az da düşünülməlidir.

Universitetlər magistr təhsilini işdən sonrakı sistem üzərinə qura bilsə, yaxşı olar. Həmçinin, iş yerləri də icazə verib tələbələrin oxumasına şərait yaratmalıdır. Bunlar qeyri- rəsmi şəkildə həll olunur. Rəsmi şəkildə plan həyata keçirilsə, daha effektiv olar”.

Dövlət İmtahan Mərkəzinin Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli magistr üzrə qiyabi təhsilin yığışdırılmasının mənfi tərəfləri olduğunu qeyd edib:

“Bəzi tələbələr maddi səbəblərdən təhsil haqqını ödəyə bilmirlər. Onlar ödənişli təhsilə düşdükləri üçün imtina edirlər.

56-cı proqram üzrə  MBA-nı seçənlər daha həvəsli olurlar. Çünki burada dərslər axşam 18:00-dan  sonra başlayır. Tələbələr həm oxuyur, həm də işləyirlər. Digər ixtisaslarda isə bu hal müşahidə olunmur.

AMEA bu gün magistratura səviyyəsində qəbul aparır. Burada  təhsil alan gəncləri müxtəlif elmi işlərlə təmin edirlər. Elmin başlanğıc formasında onların belə işlə təmin olunması , əmək haqqı verilməsi müsbət addımdır.

“Təhsil haqqında” qanunda nəzərdə tutulub ki, distant təhsil sistemi yaradılmalıdır. Distant təhsili yaratmadan qiyabini ləğv etmək düzgün deyil. Əgər qiyabi ləğv edilirsə, distant təhsilə keçilməlidir. Bunu tezliklə yerinə yetirmək lazımdır”.

Şükufə Süleymanlıs