XƏBƏRLƏR

12.06.2019 11:30
Azərbaycan Universitetinin komandası “CanSat Azərbaycan” müsabiqəsinin finalına vəsiqə qazanıb

Azərbaycan Universitetinin “AU&SAT” komandası “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, komandanın tərkibinə Lalə Muxtarlı (kompüter elmləri, magistratura), Fəhmin Zakirli (kompüter mühəndisliyi, bakalavriat), Əlizaman Həbibli (kompüter mühəndisliyi, bakalavriat) və Xəyal İsmayılov (kompüter mühəndisliyi, bakalavriat) daxildir. Tələbələr müsabiqəyə İKT fakültəsinin dekanı Asif Paşayev, riyaziyyat və informatika kafedrasının müəllimləri Əbilhəsən Əhmədov və Gündüz Mirzəbəylinin rəhbərliyi altında hazırlaşıblar.

Müsabiqənin final mərhələsi iyunun 27-29-da keçiriləcək. Bu mərhələdə iştirak hüququ əldə edən komandaların sayı 13-dür.

Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən təyin olunmuş missiyanı yerinə yetirir. Müsabiqə müraciət və qeydiyyat; layihələndirmə; reallaşdırma; uçuş öncəsi yoxlamalar, uçuş, uçuş sonrası hesabat olmaqla 6 mərhələdən ibarətdir. Müsabiqə gənclər arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrlar yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir.

İlin gənc müəllimi-Müraciət formu