Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 15:10:00
“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi:  “Bir il ərzində 42 kitab oxumuşam”  

"I fənn bloku üzrə imtahan verməyi düşünürəm. Əsas arzum NASA-da araşdırmaçı olmaqdır. Yəqin fikirləşirsiz ki, onda bu qədər kitab oxumağıma səbəb nədir?(gülür) Ədəbiyyata istənilən sahədə ehtiyac var”.

“Ədəbiyyat biliciləri” müsabiqəsində tərifnaməyə layiq görülən 20 nəfərdən biri - İsmayıllı rayon 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ləman Zeynalova Ədəbiyyata olan sayqısını belə ifadə edir. Onun bütün  arzuları Ədəbiyyatla başlayıb, elə onunla da bitir. Müsabiqədə uğur qazanması da bu həvəsin nəticəsidir.

Dediyinə görə, əsasən dedektiv janra üstünlük verir. Azərbaycan ədəbiyyatından Elxan Elatlı və Çingiz Abdullayevi, dünya ədəbiyyatdan isə Aqata Kristini bəyənir.

Müsabiqə qalibləri ilə aparılan sorğu zamanı onların əsasən, dedektiv janra üstünlük verdikləri məlum oldu. Ləmandan bunun səbəbini soruşduqda isə gülümsəyərək belə cavab verir:

“Bu janr zəmanəmizlə uyuşur. Amma hansı janrı bəyənməmizdən asılı olmayaraq, bu müsabiqə hər birimizin həyatında böyük şans, uğurdur”.

İyunun 11-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az bildirir ki, tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri və müsabiqə qalibləri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir.

Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb. O, ümumtəhsil məktəb şagirdlərində mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Çıxışının sonunda müsabiqə qaliblərini təbrik edib, onlara təhsildə və müstəqil həyatda uğurlar arzulayıb.

Müsabiqə iştirakçıları da bu müsabiqəni böyük şans olaraq dəyərləndiriblər. Onlar arasında məcburi köçkün məktəblərinin şagirdlərinin də olması xüsusi diqqət çəkib.

İl ərzində 42 kitab oxuyan “Ədəbiyyat bilicisi”

İştirakçılardan biri, Şabran şəhər 2 nömrəli tam orta məktəbin  X sinif şagirdi Nuran Əkbərova isə oxuduğu kitabların sayını unutduğunu deyir:

“Bu yaxınlarda Oxu müabiqəsi keçirildi. Məlum oldu ki, il ərzində 42 kitab oxumuşam. Orada da tərifnaməyə layiq görüldüm. Adətən kitabları boş vaxtlarımda, gecə yatanda oxuyuram.

Dünya ədəbiyyatı ilə də maraqlanıram. Şekspir, Cek London və s.  mütaliə edirəm. Azərbaycan Ədəbiyyatından ən sevdiyim yazıçı isə Cəlil Məmmədquluzadədir.

Müsabiqədə iştirak etməkdə məqsədim Ədəbiyyat sevərlərlə tanış olmaq idi. Xeyli şair və yazıçı ilə tanış oldum”.

Azərbaycan mütaliəsinə Ukrayna təəccübü

Tədbirdə Tərcümə Mərkəzinin departament müdiri Yaşar Əliyev də çıxış edib. O, ölkəmizdə mütaliəyə verilən dəyəri yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanda şagirdlərin mütaliə səviyyəsini Ukraynada qarşılaşdığı durumla müqayisə edib:

“Kiyevdə səfərdə olanda Azərbaycanda ədbiyyat sevənlərin sayının 25 000 olduğunu söylədim. Onlar bunu eşidib heyrətlərini gizlətmədilər. Çünki əraziə və əhali sayına görə ölkəmizi xeyli qabaqlayan Ukraynada bu say cəmi 4 000 idi”.

O, mütaliə edən və etməyən şəxslər arasındakı fərqi diqqətə çatdırıb. Məktəblilərə xoş mütaliələr arzulayıb:

“Ədəbiyyatın sonu yoxdur, o, bir okeandır. Arzu edirəm ki, bu okeanda sözün həqiqi mənasında batasınız”.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi şeirlərlə də yadda qalıb. Burada şagirdlər, müəllim valideyn və direktorlar iştirak edib. Mükafatlandırılmaq üçün səhnəyə çıxan məktəblilər, onları izləyən valideynlərin sevincləri mərasimə maraq qatıb.

Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 125 şagird iştirak edib . Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.

Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.

Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb.

Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları