XƏBƏRLƏR

11.06.2019 14:54
“Bunu deyənlər təxribatla məşğuldurlar, diplomumuz Türkiyədə tanınır”- Rektor Əhməd Vəliyev  

Sosial şəbəkələrdə yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu (YÖK) Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Yəni, bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

“Odlar Yurdu Universitetinin YÖK tərəfindən “tanınmayan” ali təhsil müəssisələrinin siyahısına daxil edilməsini deyənlər təxribatla məşğuldur”.

Bu sözləri AzEdu.az-a Odlar Yurdu Universitetinin təsisçisi və rektoru, professor Əhməd Vəliyev  bildirib.

O vurğulayıb ki, sosial şəbəkələrdə yayılan bu kimi məlumatların hamısı yalandır.

“Odlar Yurdu Universiteti Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, 2011-cı ildən Türkiyə “Yüksək Öyrətim Kurumu” (YÖK) tərəfindən tanınır. Universitetimizin YÖK tərəfindən “tanınmamasını” bildirənlər yalan fikir söyləyirlər.  Ümumiyyətlə, bu kimi məlumatı kim çıxarıbsa, təxribatla məşğuldur. Təhsil Nazirliyi də məlumat verdi ki, bu kimi yayılan informasiyalar yalandır.

Əlavə olaraq bildirim ki, Təhsil Nazirliyinin verdiyi informasiyanın önəmliliyini də  insanlarımız dərk etməlidirlər. Türkiyə universitetləri əcnəbi tələbəni qəbul edibsə, sonradan nəyi əsas gətirərək ali təhsil müəssisəsindən kənarlaşdıra bilər?!  Yəni bu kimi məlumatların hamısı şayiə və təxribatdır. Ümumiyyətlə, təhsildən xəbəri olmayan insanlar bu kimi fikirləri ictimaiyyətə çatdırmaq istəyirlər.

Türkiyənin universitetlərinin qəbul qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşları orada təhsil alırlar. Onu da bildirim ki, hətta YÖK tərəfindən göndərilən tələbələr Odlar Yurdu Universitetində təhsil alır. Hazırda da həmin tələbələr bizdə oxumağa davam edirlər”.

Əhməd Vəliyev bildirib ki, Odlar Yurdu Universiteti Türkiyəni Ali Təhsil Qurumu  tərəfindən “tanınmayan” ali təhsil müəssiələri siyahısına daxil edilsəydi YÖK tərəfindən rəsmi olaraq məlumat bildirilərdi:

“Azərbaycanla Türkiyə qardaş ölkədir. Ümumilli  lider Heydər Əliyevin dediyi kimi, bir millət iki dövlətik. Yəni Türkiyə ilə Azərbaycan qardaşlığına kölgə salmaq istəyənlər bu kimi şayiələri uydururlar.

 Onu bildirim ki, Odlar Yurdu Universiteti YÖK tərəfindən “tanınmayan” ali təhsil müəssiələri siyahısına daxil edilsəydi, bizə rəsmi olaraq məlumat daxil olardı.

 Hazırda minlərlə azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Məhz ona görə də Odlar Yurdu Universiteti YÖK tərəfindən “tanınmayan” ali təhsil müsəssisələri siyahısına daxil edilə bilməz. Ümumiyyətlə, tələbələrin ali məktəblərə qəbul prosesi zamanı bəzən sosial şəbəkələrdə Odlar Yurdu Universiteti haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Onu da bildirim ki, sosial şəbəkələrdə bir zamanlar Odlar Yurdu Universitetinin bağlanmasını da bildirmişdilər. Amma hazırda da Odlar Yurdu Universiteti öz fəaliyyətini davam etdirir.

OYU Amerika və Avropanın inkişaf etmiş universitetləri ilə birlikdə kadr hazırlığı aparır. Həmçinin, universitetimiz tələbələrə ikili diplom verir. Onu da bildirim ki, mən Türkiyə və Azərbaycan parlamentarası dostluq  qrupunun 10 il üzvü olmuşam. Ümumiyyətlə, heç vaxt türkiyəli vətəndaşların Azərbaycana qarşı soyuqluğunu hiss etməmişəm”.  

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu