Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 11:55:00
“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi QAYDALARI   

İyunun 11-də "Ədəbiyyat biliciləri" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Burada iştirak könüllü xarakter daşıyır.

AzEdu.az müsabiqənin keçirilmə qaydalarını və hər mərhələnin şərtlərini təqdim edir:

Müsabiqə 3 mərhələdən ibartdir.

Məktəb mərhələsi, əsasən, bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkarlanmasına xidmət edir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər.

Cavablar məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox əsər (VIII-IX siniflər üzrə 10-dan, X-XI siniflər üzrə 15-dən artıq) mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında mütaliə etdikləri əsərlər müəllifləri göstərilməklə qeyd olunur. Göstərilən əsərlərin şagirdlər tərəfindən həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək üçün zəruri hallarda işçi qrupu bu əsərlər üzrə müvafiq suallar hazırlayır və onların əsasında məktəbdə viktorinalar, test yoxlamaları və s. bu kimi tədbirlər təşkil edirlər.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, hər məktəbdən ən çoxu 3 nəfər şagird seçilərək onların adlı siyahısı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) rayon mərhələsində iştirak üçün rəsmi qaydada təhsil şöbəsinə təqdim edilir.

Müsabiqənin rayon mərhələsi həftənin şənbə və bazar günləri təşkil olunur. Bu mərhələni keçirmək üçün təhsil şöbəsində təcrübəli və mütaliəsi ilə fərqlənən müəllimlərdən, bədii yaradıcılıqla məşğul olan, ictimai rəyə görə, Azərbaycan və dünya ədəbiyyatına dərindən bələdliyi və geniş mütaliəsi ilə fərqlənən şəxslərdən, metodist və qabaqcıl məktəb kitabxanaçılarından ibarət Təşkilat Komitəsi yaradılır.

Təşkilat Komitəsinə təhsil şöbəsinin müdiri və ya onun müavini sədrlik edir. Müsabiqə zamanı verilən tapşırıqlar 15 sualdan artıq olmamaqla 2 və daha artıq variantda hazırlanmalı, hər bir sual yazılı cavablandırılmalıdır. İştirakçıların sayından asılı olaraq, tədbirin lazımi şəraiti olan 1, yaxud 2 məktəbin idman zalında keçirilməsi tövsiyə edilir. Tapşırıqların icrasına 3 saat vaxt ayrılır. Hər iştirakçıya sualların əhatə olunduğu vərəq və tapşırıqların cavablarını yazmaq üçün şagird dəftəri paylanır. İştirakçılar özləri haqda məlumatları (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) yalnız dəftərin üstündə qeyd edirlər.

Tapşırıqlar yerinə yetirildikdən sonra sədr tərəfindən müəyyən olunan Təşkilat Komitəsinin bir neçə üzvü müvafiq qaydada şifrələmə aparır (yəni dəftərlərin üz hissəsi çıxarılır, eyni rəqəm, yaxud rəqəm-hərf birləşməsindən ibarət şifrə həm dəftərin üz hissəsində, həm də içəri hissəsinin I səhifəsində yuxarıda yazılır), dəftərlərin üzlüyü tədbirin keçirildiyi məktəbin direktorunun seyfində saxlanılır, tapşırıqların icra olunduğu içlik isə yoxlayıcılara təqdim edilir.

Tapşırıqların yoxlanıb qiymətləndirilməsinə 2-5 günədək vaxt ayrılır. Tapşırıqların müvafiq meyarlar əsasında qiymətləndirilməsi başa çatdıqdan sonra hər iki şifrə tutuşdurulmaqla şagirdin nəticəsi müəyyən edilir. Həmin nəticələr əsasında reytinq cədvəli tərtib olunur.

Ölkə mərhələsində daha az şagird iştirak edir və keçirilən prosedurlar eyni məqsədə xidmət edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları