Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 11:36:00
“Bu alimlərimizin adları Nobelə əsas namizədlər sırasında var idi, amma...” - AKADEMİKLƏR DANIŞIR

Vaxtilə düşüncənin beşiyi sayılan Şərqdə əsrlərlə davam edən durğunluq elmin sonrakı inkişafına çox böyük zərbə vurdu.

Bu səbəbdən, elmdə ən yüksək mükafatları alan müsəlman alimlərin sayı barmaqla sayılacaq qədərdir. Həmçinin, Azərbaycan alimlərinin də bu nüfuzlu mükafatı qazanacağı hələlik, arzu olaraq qalır. Amma bu, azərbaycanlı yenilikçi alimlərin  nüfuzlu  mükafatlara layiq olmadığının göstəricisi hesab oluna bilməz.

Bəs dünyasını dəyişən və bir sıra yeniliklərə imza atan, Nobel mükafatı səviyyəsində ixtiralar, nəzəriyyələr yaradan alimlərimiz olubmu?

AzEdu.az bu sualla bir neçə akademikə müraciət edib.

Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov saytımıza bildirib ki, bu mükafat bəzən siyasiləşdirilib və indi də belədir:

“Nobel almaq üçün müəyyən şərtlər var ki, onları ödəmək lazımdır. Azərbaycan İslam ölkəsidir. Bütün laureatlar isə xristian ölkələrindən təqdim olunur. Bu mükafatı almaq üçün  əksəriyyət dinini dəyişir. 

Yusif Məmmədəliyev, Həsən Abdullayev, Topçubaşov dünya miqyasında və Nobelə layiq olan alimlərimiz olublar. Hansı akademiki dindirsək, bizdə dünya səviyyəsində alimlərin  olduğunu deyəcəklər. Dünya səviyyəsində olan alimləri isə dünya ictimaiyyəti qəbul edir. Texniki elmlər doktoru, akademik Azad Mircəzanzadə dərin neft yataqlarının mexanikasının araşdırılması sahəsində gözəl alim idi. Amma dünya səviyyəsində tanınmayıb. Dünya səviyyəsində ən çox tanınan alimimiz isə şübhəsiz Yusif Məmmədəliyevdir. O, kimya sahəsində apardığı tədqiqatlara görə tanınır. Riyaziyyat üzrə Zahid Xəlilovun adını çəkə bilərəm. Lütfi Zadə kimi alimlərimizi də qeyd etmək mütləqdir. Cənab Prezidentə onun Azərbaycanda torpağa tapşırılmasını təmin etdiyi üçün minnətdarıq.

Adil Qəribov vurğulayıb ki, bu gün bizdə istənilən alimə yaxınlaşsan, ən çox elmi məqalənin onda olduğunu deyəcək:

“Dünyada aktual problem üzrə elmə töhfə verə biləcək, yalnız bir əlin barmaqları qədər alimimiz var. Bu da normaldır. Bir ölkədən dünya səviyyəsində bir-iki alim olsa, böyük nəticədir. Reallıq budur ki, alimlərin hamısı dünya səviyyəsinə çıxa bilmir. Eləsi var, qapalı laboratoriya şəraitində çalışır, eləsi də var, gözəl təcrübəçidir, amma ideyanın qoyuluşu ona məxsus deyil. Sadəcə, ideyanı icra edir.

Akademik, fizika-riyaziyyat elmləri doktoru Hatəm Quliyevin sözlərinə görə, bu mükafata layiq olan iki alimimiz olub:

“Yusif Məmmədəliyev və Lütfi Zadə Nobel mükafatına layiqdirlər. Yusif Məmmədəliyev vaxtilə böyük iqtisadi əhəmiyyət daşıyan  işlərə imza atıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev Yusif Məmmədəliyev və Murtuza Nağıyevin Nobel mükafatına layiq olduqlarını deyib:

“Onlarla yanaşı akademiklərimizdən Əli Quliyev, Sultan Mehdiyev, Vahab Əliyev, Bahadır Zeynalovun da adlarını çəkə bilərəm. Ancaq Yusif Məmmədəliyevlə Murtuza Nağıyev dünya səviyyəsində tanınırlar.

Növbəti laureatlara müsabiqə elan olunanda Nobel mükafatına namizədləri müxtəlif təşkilatlar, qurumlar Nobel Komitəsinə təqdim edir. Bu işi nə hansısa ölkə, nə də elmi şura edə bilməz. Özləri  hansı kimyaçının buna daha layiq olduğuna qərar verirlər. Yusif Məmmədələyivlə Murtuza Nağıyevin adları Nobel mükafatı üçün gündəlikdə var idi. Amma müəyyən səbəblərdən dolayı təqdim olunmadı.

Yusif Məmmədəliyev dünyada neft kimya sintezi və neft emalı üzrə “alkilləşdirmə kralı” adlandırılır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları