Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 23:02:00
Kiçik akademiya üzvləri üçün seminar

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 30 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri üçün seminar keçirilib.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov şagirdlərə elmin incəliklərindən söhbət açıb, fənləri dərindən mənimsəməyin gələcək peşə seçimində onlar üçün faydalı olacağını izah edib.

Təhsil şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Müseyib Yunusov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyev məktəbdə təhsilin səviyyəsini yüksəltməyin, şagirdlərə müasir texnologiyalardan istifadə etmək bacarığını aşılamağın önəmindən danışıblar.

Balaca coğrafiyaçılar qlobal istiləşmə, onun iqtisadiyyata, heyvanat aləminə və bitkilərə təsiri haqqında geniş təqdimatla çıxış edib, hazırladıqları maketləri nümayiş etdiriblər.

Sonda “Kiçik Akademiya”nın rəhbəri Vüsalə Ağayeva tədbirin yüksək səviyyədə təşkilinə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.