Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 10:32:00
Yeni nazir və komitə sədrlərinin təhsili - Harvardı, Sarbonnanı bitirənlər, elmlər namizədi olanlar...

Dünən yeni hökumətin tərkibi tam formalaşdı. Prezident yeni komandasını xeyli cavanlaşdırdı.

AzEDU.az yeni təyin olunsan nazirlərin, komitə və xidmət rəhbərlərinin təhsili, onların  oxuduqları ali təhsil müəssisələri barədə yazını  təqdim edir:

Təhsil naziri  Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisad, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

Ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayev  orta məktəbi 1984-cü ildə Bakı şəhərində bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Kənd təsərrüfatı naziri İnam Kərimov 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Riçmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində isə magistr təhsili alıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Rauf oğlu Muradov  1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində "sənayedə ətraf mühitin qorunması" ixtisası üzrə magistr dərəcəsini alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır;

Dövlət Gömrük Komitəsinin sədri  Səfər Mehdiyev - 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib;

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birmingem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb;

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil alıb. 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi aldı. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Akademiya İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi aldı.

2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində Con Smit təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik Cohn Smit proqramında iştirak edib. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldu və 2012-ci ildə bitirib.

2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı olub. O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak edib. İki ay sonra-sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya gedib.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin Con F. Kennedi adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. O, təhsili müddətində  Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Samir Nuriyev 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları