Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 16:48:00
AMEA-da seçki keçirilib

İyunun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunu iştirakçıların diqqətinə çatdırıb. Kitabın hazırlanması ilə bağlı görüləcək işlərdən danışan bölmə rəhbəri işçi qrupun yaradılmasının zəruriliyindən bəhs edib.

Gündəlikdə yer alan növbəti məsələ Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti barədə olub. Bununla bağlı çıxış edən mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü elmi qurumun fəaliyyət istiqamətləri, tədqiqat sahələri, əldə olunan nailiyyətlər və planlaşdırılan layihələrdən söz açıb. İclasda bölmə institutlarının mərkəzlə sıx əməkdaşlıq əlaqələrinə dair müxtəlif sahələrdə tövsiyələr səsləndirilib.

Bölmənin növbəti qərarları ilə Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov və Mərkəzi Nəbatat Bağının sektor rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin Almaniyaya, eləcə də Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a ezam olunmaları haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.

Yığıncaqda Botanika, Zoologiya, Dendrologiya və Torpaqşünaslıq və Aqrokimya institutlarının əməkdaşlarının müvafiq vəzifələrə təsdiqi barədə kadr məsələlərinə də toxunulub.

Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Zakir Əliyev 70 illik, Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyev 80 illik yubileyləri ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif ediliblər.

Sonda Biologiya və Tibb Elmləri Bölməsi üzrə “AMEA-nın professoru” elmi adına namizədlərin seçkisi keçirilib.