XƏBƏRLƏR

10.06.2019 15:42
Bağça qanunvericiliyinin ictimaiyyətə məlum olmayan TƏRƏFLƏRİ

Hazırda Azərbaycanda özəl bağça biznesi müəyyən qədər inkişaf edib. Sahibkarlar özəl bağçalar üçün qoyulan tələblərin reallıqla uyğun olmadığını bildirsələr də, valideynlər bağça qanunvericiliyinin bir qədər yumşaq qanunlar üzərindən işlədiyini düşünürlər.

Halbuki Nazirlər Kabinetinin 2012-ci il, 3 avqust tarixli qərarında məktəbəqədər təhsillə bağlı bütün xırdalıqlar əks olunub. Burada bağçaların rənglənməsindən tutmuş, işıqlandırma sisteminə qədər hər şey qeyd edilib.

AzEdu.az xəbər verir ki, qərara əsasən, bağça otaqlarının divarları hamar, nəm üsulla təmizlənməyə və dezinfeksiya şərait yaradan örtüyə malik olmalıdır.

Üfüqün cənub səmtində yerləşən otaqlarda solğun və soyuq tonlu (solğun mavi, solğun yaşıl), şimal səmtində yerləşən otaqlarda isə isti tonlu (solğun sarı, solğun çəhrayı, bej) boyalar tətbiq edilməlidir.  Otaqların ümumi sahəsinin 25 faizindən artıq olmaması şərtilə, müxtəlif elementlərin daha parlaq rənglə boyanmasına icazə verilir.

Musiqi və gimnastika məşğələləri keçirilən otaqların divar səthləri işığı əksetmə əmsalı 0,6-0,8 olan açıq tonlu boyalarla rənglənməlidir.

Məktəbəqədər təhsil müəssisələri binalarının əsas otaqları təbii işıqlanmaya malik olmalıdır.

Qərara əsasən, otaqların qeyri-bərabər təbii işıqlanması 3:1 nisbətindən artıq olmamalıdır. Təbii işıqlanma əmsalı göstəricisi qrup və yataq otaqlarında, tibb kabinetində, idman və musiqi məşğələləri otaqlarında, kompüter sinfində 1,5 faizdən, soyunub-geyinmə otağında isə 1 faizdən az olmayaraq qəbul edilir. Həyətdə yerləşən bufetdə, anbar otağında və sanitar qovşağında təbii işıqlanmanın olmamasına yol verilir.

Qrup otaqlarının pəncərəsində asılan pərdələr (jalüz) təbii işıqlanmanı azaltmamalıdır. Uşaqlar yatan zaman yataq otaqlarında pərdələrin bağlanmasına yol verilir. Qalan vaxtlarda isə otaqların insolyasiyasının təmin edilməsi üçün pərdələrin açıq saxlanması mütləqdir.

Birtərəfli işıqlanma zamanı qrup otaqlarının işıq düşən istiqamətdən uzunluğu 6 m-dən çox olmamalıdır.

Pəncərə altlıqlarında təbii işıqlanma səviyyəsini azaldan enliyarpaqlı güllərin və bitkilərin yerləşdirilməsi qadağandır. Güllərin hündürlüyü 15 sm-dən artıq olmamalıdır. Güllər divardan asılmış vəziyyətdə və döşəmədən 65-70 sm hündürlükdə olan dibçəklərdə və ya təbii guşələrdə yerləşdirilməlidir.

Bundan əlavə, qnaunvericiliyə uyğun olaraq, uşaqların daim olduğu otaqlarda qapalı elektrik açarları və rozetkalar döşəmə səviyyəsindən 1,8 m hündürlükdə quraşdırılmalıdır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu