Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 13:33:00
İcbari tibbi sığortanın tətbiqi rezidentlərin maaşına təsir göstərəcək? - Rəsmi  

2020-ci ildən tətbiq ediləcək tibbi sığorta sistemi tibb müəssisələrinin maliyyələşmə mexanizmində də müəyyən dəyişikliklər edəcək. Sığortanın təbiqindən sonra tibb işçilərinin əməkhaqqlarında artım gözlənilir.

Bəs, rezidentlərin necə? İxtisaslı həkim mütəxəssis olmaq üçün təhsil alan rezidentlərin maaşında hər hansı artım olacaqmı?

AzEdu.az məsələni dəqiqləşdirmək üçün Milli  Məclisin Səhiyyə komitəsinin  üzvü Musa Quliyevlə əlaqə saxlayıb. O bildirib ki, tətbiqinə 2020-ci ildə başlanacaq tibbi sığorta sistemi əməkhaqlarında artıma səbəb olacaq:

“Bu, icbarı tibbi sığorta proqramında çalışan hər kəsə şamil olunacaq. İstər rezident, istər həkim, istər professor, istərsə də tibb bacısı... Tibbi sığortanın maaş artımı kimliyindən asılı olmayaraq sistemdə çalışan hər kəsə aid olacaq”.

Qeyd edək ki, o, mediaya müsahibələrindən birində tibbi sığortanın nəticələri barədə bunları demişdi:

“Səhiyənin idarəetməsinin kökündə onun maliyyələşmə mexanizmi dayanır. Sığorta sistemi qurulanda dövlət, vətəndaş, sahibkar bir yerdə maliyyələşməyə başlayacaq. Maliyyənin bir hissəsi əmək haqqından, bir hissəsi əmək haqqı fondundan, bir hissəsi sahibkardan, bir hissəsi isə büdcədən - dövlətdən tutulacaq. Bu zaman səhiyyənin maliyyə həcmi 3-4 dəfə çoxalacaq. Hesab edirəm ki, İcbari Tibbi Sığortanın işə düşməsi və onun tam oturuşması Azərbaycanda səhiyyə ilə bağlı bir çox problemləri köklü şəkildə həll edəcək”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sığorta sistemi dövlət büdcəsindən, sığorta edənin ödəmələri, icbari tibbi sığorta haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi, sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə nəzarət müvafıq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları