Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 13:03:00
Ali məktəblərə imtahansız qəbul olanlar, iş yerini dəyişmək istəyən müəllimlər və artırılan ixtisaslar - Təhsil icmalı   

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumlar          

"Dövlət rüsumu haqqında" qanuna edilən 31-1 maddəsinə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri  5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Xatırladaq ki, dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır. Birinci oxunuşda təklif edilən belə idi: Akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.

Müzakirələr zamanı bu dəyişiklik etiraz doğurmuşdu. Deputatlar rüsumların azaldılmasını təklif etmişdi.

Ötən həftədə Azərbaycanda müəllimlər üçün vakant yerlərin sayı açıqlandı

Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə müəllimlər üçün 4925 vakant yer var.

Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.

Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.

V Respublika fənn müsabiqələrinin finalçıları bəlli oldu

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

Müsabiqənin nəticələrinə əsasən, 22 527 iştirakçı şagirddən 491-i biologiya, 507-si fizika, 617-si informatika, 530-u kimya və 2 547-si isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

 2 iyunda IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər

Məntiq Olimpiadasının qaliblərinin adları açıqlandı

Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb.

Olimpiadanın final mərhələsində 1 577 məktəbli iştirak edib. Finalda ümumilikdə 44 məktəbli 17 baldan yuxarı nəticə göstərərək olimpiadanın qalibi olub. Məktəblilədən 12 nəfər I, 15 nəfər II, 17 nəfər isə III yerin sahibi olub. Finalda iştirak edən şagirdlərdən 349-u isə 12 baldan 17 baladək toplayaraq fəal iştirakçı sertifikatına layiq görülüb.

İyunun 9-da IX siniflər üzrə buraxılış imtahanının II mərhələsi keçirilib

 Ötən həftədə Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsi keçirilib.

 Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb

 Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

700 bal toplayanlarla bağlı statistika açıqlandı  

Ötən həftədə DİM kütləvi test imtahanlarının keçirildiyi illərdə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı açıqlayıb.

Ölkədə 8 internat məktəbinin tikintisi planlaşdırılır

4 il ərzində ölkə üzrə ümumilikdə 393 məktəbin tikintisi planlaşdırılır.

Bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı şəhəri üzrə ümumilikdə 10 məktəb tikintisi, 55 məktəbin əsaslı təmiri; regionlar üzrə isə 159 məktəbin tikintisi, 256 məktəbin əsaslı təmiri nəzərdə tutulub. Əlavə olaraq, 19 internat məktəbinin əsaslı təmiri, 8 peşə məktəbinin tikintisi planlaşdırılır.

Bu il modul tipli 50 məktəbin tikilməsi nəzərdə tutulub

Modul tipli məktəblərin quraşdırılması 2019-cu ildə davam etdiriləcək.

Bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

Bildirilib ki, 2019-cu il ərzində daha 50 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

 AMEA-da magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanıldı

AMEA-da II kurs magistrantların dissertasiya işlərinin müdafiəsinə başlanılıb.

Magistrantların dissertasiya işlərinin müdafiəsi üçün AMEA prezidentinin 7 may 2019-cu il  tarixli sərəncamına əsasən 12  Müdafiə Şurası yaradılıb.

İyunun 7-dən etibarən magistraturaya ixtisaslaşma seçimi başlayır

İyunun 7-dən etibarən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

İxtisaslaşma seçimi 2018-ci il iyunun 7-dən 18-dək aparılacaq.

Mərkəzi Elmi Kitabxana 5 illik fəaliyyətinə dair hesabat verib

İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 5 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbir MEK-in akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında təşkil edilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, MEK-in direktoru Leyla İmanova, Milli Kitabxananın direktoru, professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident kitabxanasının direktoru Mayıl Əhmədli, akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Əməkdar elm xadimi, professor Tofiq Mustafazadə, MEK-in Vikipediya şöbəsinin gənc əməkdaşı Gülarə Səbzəliyeva çıxış ediblər.

 Ali məktəblərin turizm, pedaqoji ixtisaslarına plan yerlərinin sayı artırılıb, incəsənət üzrə isə azaldılıb

Bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul planında ən yüksək yer artımı turizm ixtisasları üzrə olub. Qəbul planında daha sonra yüksək yer artımı pedaqoji, kənd təsərrüfatı ixtisasları üzrə olub, incəsənət və mədəniyyət ixtisasları üzrə plan yerlərinin sayı isə azaldılıb.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, 2019/2020-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı ötən ilə nisbətən 6.4%, dövlət sifarişi ilə qəbul planı isə ötən ilə nisbətən 66,1% artıb. Ümumilikdə dövlət sifarişli yerlərin sayı 8150 artaraq 20 474-ə çatıb. Tələbə qəbulu planının 84.7%-i dövlət, 15.3% isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85.3% və 14.4% olub.

Həftənin təhsil informasiyaları

III Robot Olimpiadasının qalibləri bəlli oldu

Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadası başa çatıb.   Aşağı yaş qrupunda (10-15 yaş) “Qarabağ RC” (sərbəst komanda), yuxarı yaş qrupunda (16-19 yaş) isə Bakı Ali Neft Məktəbinin “TechNoBotics” komandaları qalib olublar. Digər kateqoriyalarda - 8-12 yaş qrupu üzrə Bakı Müasir Təhsil Kompleksinin (BMTK) “Robo-cop”, 13-15 yaş qrupunda “Droger” (BMTK), 16-19 yaşlılarda isə Xəzər Universitetinin “Chicken dönər” komandaları olimpiadanın qalibləri adını qazanıblar.

 Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanları keçirilib

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 7 və 14 iyun tarixlərində keçiriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları