Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-09 14:16:00
Buraxılış imtahanının ikinci mərhələsi başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, saat 11:00-da başlayan imtahan 3 saat davam edib.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim olunub.  İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatıb. 

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

 

 

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 89 imtahan mərkəzi ayrılıb.

İmtahanda 40234 (Gəncə 3427, Lənkəran 2399, Naftalan 101, Şəki 2033, Sumqayıt 4565, Abşeron 4164, Ağdam 987, Ağsu 739, Astara 1231, Bərdə 2254, Biləsuvar 1391, Daşkəsən 288, Goranboy 1360, Göygöl 897, İmişli 1194, Kürdəmir 1229, Oguz 499, Qəbələ 1287, Saatlı 1015, Sabirabad 1821, Şabran 686, Şamaxı 1002, Samux 716, Tərtər 834, Xaçmaz 2160, Yevlax 1364, Zərdab 591) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 3340 nəzarətçi‑müəllim, 286 buraxılışı təşkil edən əməkdaş, 89 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 8-də təkrar baxış keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.