Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-08 23:32:00
Peşə liseyində insan hüquqlarından danışıldı

“İnsan hüquqları” aylığı çərçivəsində Lənkəran Peşə Liseyində Ombudsmanın Cəlilabad Regional Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə liseyin direktoru Afər Kərimov gənclərin ölkəmizin ictimai həyatında fəal iştirakı üçün onların karyera qurmasının vacibliyini bildirib və bu məqsədlə yaradılan imkanlardan danışıb.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb.

Bu əlamətdar tarixlə əlaqədar olaraq ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunub.

Z.İsmayılov “İnsan hüquqları aylığı”nın əhəmiyyətindən danışaraq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, BMT-nin digər mühüm konvensiyaları barədə məlumat verib.

O, ümummilli lider Heydər Əliyevin insan hüquqlarına hər zaman önəm verdiyini qeyd edib, ölkəmizdə müvafiq sahə üzrə qətiyyətli addımlar atıldığını, ardıcıl islahatlar aparıldığını, hüquqi aktlar qəbul edildiyini vurğulayıb.

Qeyd olunub ki, Milli Məclis 2001-ci il dekabrın 28-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu”nu qəbul etməklə ölkədə Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün lazımi hüquqi baza yaradılıb.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov insan hüquqlarının qorunmasında milli-mənəvi dəyərlərin rolundan bəhs edərək, ölkəmizdə tolerantlıq və multikultural ənənələrin insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində başlıca rol oynadığını bildirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.