Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 17:20:00
"“2”-ni cəza vasitəsi kimi düşünənlər müasir təhsil sistemindən kənarlaşdırılmalıdırlar" - Attestat problemi 

Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na etdiyi dəyişiklik son günlərin müzakirə mövzusudur.  Dəyişikliyə əsasən, fənlər üzrə illik qiyməti “2” olan buraxılış sinif şagirdləri buraxılış imtahanında iştirak edərək attestat əldə edə biləcəklər.

Çoxları bu dəyişiklikdən sonra “2”-nin şagird üçün mahiyyətini itirəcəyini, onların təhsilə laqeyd yanaşacağını düşünürlər.

“Təhsil haqqında sənəd 11 il məktəbə gəlib – gedən məzunun haqqıdır”

Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli isə tam əksinə düşünür. O, mövzu ilə bağlı AzEdu.az-a danışarkən keçmiş qanunun 11 il məktəbə gedən şagird üçün ədalətsizlik olduğunu bildirib:

“Tutaq ki, bir şagird sınaq imtahanlarında 500-600 bal toplayır. Amma illik qiymətində “2” olduğuna görə, qəbul imtahanlarında iştirak edə bilmir. Bu, haqsızlıq olardı. İndiki qanunvericilik daha yaxşıdır.

Elə şagirdlər var ki, heç bir fənni oxumurlar, onlara attestat lazımdır. Yanacaqdoldurma məntəqəsində işləmək üçün belə təhsil haqqında sənəd tələb edirlər. İllik qiyməti “2” olub attestat ala bilməyənlər isə işdən məhrum olur. Direktoru olduğum məktəb təmas xəttinə yaxın ərazidə yerləşir. Burada hərbi hissədə müddətdən artıq hərbi xidmət keçmək, “maxe” kimi işləmək üçün mütləq attestat lazımdır. Hamı oxuyub ali təhsil ala bilməz. Buna görə də illik qiymətindən asılı olmayaraq, hər kəsə attestat verilməsi normaldır. 11 il məktəbə gəlib – gedibsə, təhsil haqqında sənəd məzunun haqqıdır”.

“Məktəblini “2” yazmaqla oxutmaq çox gülüncdür”

Məktəblilərin “2”-dən qorxmayıb dərslərinə qarşı məsuliyyət hiss etməyəcəkləri məsələsinə gəlincə isə direktor belə cavab verib:

““2” məktəblinin biliyinin ölçü meyarı ola bilməz. Mən şagirdə “2” yazıramsa, deməli, şagirdimi öyrədə bilməmişəm. Həmi “2”-nin bir tərəfi gəlib elə özümə çatır. Bu gün şagirdi oxutmaq üçün onun sevgisini qazanmaq lazımdır. Müəllimdən qorxu tendensiyası Sovet dövründə qaldı. Müəllimin ən böyük uğuru şagirdin sevgisini qazanmasıdır. “2” və ya “3” yazmaqla heç nə düzələn deyil. Məktəblini “2” yazmaqla oxutmaq çox gülüncdür.

Bilirsiz, bunlar bir günün işi deyil, 1990-cı illərdən bugünəcən gələn problemlərdir. Üstəlik, onları bir günə düzəltmək mümkün deyil. Problemi yalnız müasir düşüncəli, ixtisaslı kadrlar düzəldəcək. Bir şeyi bilirəm: uşaqlara güvənmək lazımdır, vəssəlam”. 

“Müəlimlər “2”-ni şagirdləri ram etmək üçün cəza vasitəsi  kimi görürlər”

Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı  orta məktəbin tarix müəllimi Nurlan Qəribov isə bildirib ki,  indiyə qədər tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya yaxud fənn üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayanlar təhsil pilləsini başa vurmamış sayılırdılar. Amma bu dəyişikliyi müsbət hal kimi qiymətləndirir:

“Əslində, bu qərarı çoxları birmənalı qarşılamadı. Bəziləri buna müəllimlərin nufuzunun əlindən alınması kimi baxdılar. Aparılan müzakirələrdən aydın olur ki,  müəlimlər “2”-ni şagirdləri ram etmək üçün cəza vasitəsi  olaraq görürlər. Mənim üçün maraqlı bir amil var: bu qərardan narazı olan müəlimlər indiyədək hansı şagirdi “2” yazaraq sinifdə saxlayıblar? Tutaq ki, “2” yazıb sinifdə saxladılar, bəs,  nəticəsi necə olacaq? Axı, məktəb cəza mərkəzi deyil. “2”-ni cəza vasitəsi kimi düşünən müəllimlər müasir təhsil sistemindən kənarlaşdırılmalıdırlar. İşimiz  nə qədər ağır və məsuliyyətli olsa da, onu sevməliyik. Bu qərara edilən dəyişikliyi çox müsbət, təhsilimizdəki  növbəti islahat kimi qiymətləndirirəm. İnanıram ki, bu qərarın nəticəsini növbəti qəbul imtahanlarında daha yaxsı müşahidə edə biləcəyik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları