Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 14:18:00
Bu il hansı universiteti neçə məzun bitirir...

Hər il Azərbaycan universitetlərindən minlərlə tələbə məzun olur. Universitetlərdə məzun günləri fərqli vaxtlarda qeyd olunur. 
AzEdu.az xəbər verir ki, Modern.az məzun gününün vaxtı və məzunların sayı ilə bağlı universitetləri sorğu edib.

Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən verilən məlumata görə, builki məzun günü universitetin 100 illik yubileyinə təsadüf edir. Bakı Dövlət Universitetində məzun günü iyun ayının 29-da Crystall Hall-da qeyd olunacaq. Universitetdən bu il 5 mindən çox tələbə məzun olur.

Bakı Slavyan Universitetinin Mətbuat xidmətindən bildirildi ki, bu il bakalavriat pilləsini təxminən 595 nəfər, magistraturanı 115 tələbə bitirir. Məzun günü hələlik dəqiqləşdirilməyib, onun iyunun 20-dən sonra keçirilməsi nəzərdə tutlur. Bu məzun günündə əvvəlki illərdən fərqli olaraq, zala Azərbaycan Respublikasının dövlət bayrağı ilə yanaşı, BSU-nun bayrağı gətiriləcək və onu dördüncü kurs tələbəsi təntənəli şəkildə üçüncü kursu bitirən tələbəyə ötürəcək. Digər özünəməxsusluq isə tələbələrin Andiçmə mərasimi ilə bağlı olacaq. Hər il olduğu kimi, bu dəfə də BSU rektorunun tələbələr qarşısında çıxışı nəzərdə tutulub. Təhsil Nazirliyinin və millət vəkillərinin tədbirdə iştirakı gözlənilir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu il iyun ayının 28-də məzun günü keçiriləcək. Bakalavr və magistratura pillələri üzrə məzunların ümumi sayı 1500 nəfərdir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin məlumatına görə, burada 9 minə yaxın tələbə təhsil alır. Bu il 2 mindən artıq tələbə məzun olur. Məzun günü 22 iyun saat 16:00-da qeyd olunacaq.

Azərbaycan Pedaqoji Universitetində bu il 3 mindən çox tələbə məzun olur. Məzun günü iyun ayının sonunda qeyd olunacaq.

ADA Universiteti 31 may tarixində artıq məzun gününü qeyd edib. Universitetdən 500 nəfərə yaxın tələbə məzun olub.

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat katibinin verdiyi məlumata əsasən, builki məzun günü iyul ayının 1-də qeyd olunacaq. Ümumilikdə 2170 nəfər tələbə bu il universitetdən məzun olur. Universitetin ənənəvi olaraq əvvəlki illərin tələbələriylə olan görüşləri isə iyul ayının 2-də qeyd olunacaq.