Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 11:12:00
Bu ölkələrdə oxuyan tələbələrimizə bəd xəbər–Diplomları tanınmayacaq

 

Xaricdə təhsil alan tələbələrin əsas problemlərindən biri diplomlarının tanınması ilə bağlıdır.

Maraqlıdır, bəs gənclər hansı ölkələrdə təhsil aldıqları zaman bu problemlə üzləşirlər?

AzEdu.az bununla bağlı  xaricdə təhsil üzrə ekspertlərin fikrini öyrənib:

Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlunun sözlərinə görə, əsasən Rusiya  Federasiyasının ali məktəblərində oxuyan gənclərimizin diplomları ölkəmizdə tanınmır:  

 “Bəzən, işbazlar  beynəlxalq lisenziyası olmayan xarici universitetlərə tələbələrin qəbul prosesini aparırlar. Həmçinin, bəzi işbazlar tələbələr universitetə getmədən adını yazdırıb, onların qəbul prosesini həyata keçirirlər. Beləliklə, tələbələr dərslərdə iştirak etməyib, müəyyən zamandan sonra diplom alırlar. Yəni bu kimi proseslərdə xarici universitetlərdən alınan diplomlar tanınmır. Onu da bildirim ki, işbazlar daha çox Rusiya Federasiyasında bu kimi işləri rahat görürlər. Amma digər ölkələrdə  bu cür halların olması çox çətindir. Onu da deyim ki, əvvəllər digər xarici universitetlərdən alınan diplomlar da tanınmayıb.  Amma son 5 ildə diplomların tanınmaması problemi Rusiyadan savayı digər ölkələrdə görülmür”.

 Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev  bildirib ki, Ukrayna, Rusiya universitetlərindən alınan diplomların tanınması prosesində problemlər mövcuddur:

 “Xarici universitetlərdən alınan diplomların tanınmaması prosesi hər zaman Nostrifikasiya İdarəsindən qaynaqlanmır.

Bəzən tələbələrin kredit saylarında da problemlər olur. Ukraynada təhsil alan tələbələrin  bir çoxu tədris dillərini bilmirlər. Həmçinin, bir çox Ukrayna məzunların diplomlarında tədris dili “ukraynaca” yazılmasına baxmayaraq, onların bu dildən xəbərləri belə yoxdur. Düşünürəm ki, gənclər ilk növbədə təhsil aldıqları xarici universitetləri araşdırmalıdırlar. Həmçinin, xaricdə təhsil almaq istəyənləri öncədən məlumatlandırmaq lazımdır ki, hansı hallarda aldıqları diplom tanınmaya bilər”.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyevi vurğulayıb ki, daha çox MDB ölkələrində oxuyan tələbələrin diplomlarının tanınmaması prosesində problem yaşanılır:

“Ukrayna, Rusiya, Gürcüstan universitetlərindən alınan diplomların tanınması prosesində  problemlər olur. Onu da bildirim ki, xarici universitetlərdən sadəcə rüşvətlə alınan diplomların tanınması prosesində problemlər yaşanılır. Hətta bəzi tələbələr var ki, Rusiyada 4 il təhsil alsalar belə rus dilini bilmirlər. Yəni bu kimi tələbələr diplomlarının tanınması prosesində problemlərlə üzləşirlər. Amma xarici universitetlərdə normal səviyyədə təhsil alan tələbələrin diplomlarının tanınması prosesində problem olmur. Onu da bildirim ki, xarici universitetlərdə distant təhsil alan tələbələrin də diplomları Təhsil Nazirliyi tərəfindən tanınmır”.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları