XƏBƏRLƏR

06.06.2019 14:18
Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

“İmtahan vermədən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən kollec məzunları üçün əsas şərtlərdən biri, məhz ixtisas uyğunluğudur. Onlar hansı ixtisas üzrə kollecdə təhsil alıblarsa, həmin ixtisasa uyğun imtahan vermədən ali təhsil üçün müraciət edə biləcəklər”.

AzEdu.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, uyğun ixtisasların siyahısı Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib: “Həmin məzunlar üçün ixtisas uyğunluğu müəyyənləşdirilərkən bir ixtisas deyil, ixtisaslar qrupu müəyyənləşdirilib ki, onların seçim imkanları daha çox olsun. Həmin ixtisasların siyahısı razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edilib. Müvafiq qaydada razılaşdırıldıqdan sonra, Dövlət İmtahan Mərkəzi tərəfindən həmin ixtisasların siyahısı xüsusi jurnalda çap ediləcək”.

F. Qədirov qeyd edib ki, ixtisas seçiminə iyul ayından gec olmayaraq, başlanılacaq: “Bildiyiniz kimi, ümumi qaydada abituriyentlər daha əvvəl qeydiyyatdan keçirlər və imtahanlarda iştirak edirlər. Ancaq kollec məzunları, digər abituriyentlərlə bərabər, birbaşa ixtisas seçimi prosesində iştirak edəcəklər və həmin vaxt ixtisaslarını seçərək elektron qeydiyyatdan keçəcəklər”.

Xatırladaq ki, yeni qaydalara əsasən, kollec məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

İlin gənc müəllimi-Müraciət formu