Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 12:29:00
Yazarlar məktəblilərə türk dünyası irsindən danışdılar

Bugünlərdə paytaxt Bakının Səbayel rayonunun Badamdar qəsəbəsində yerləşən, şəhid Tofiq Məmmədovun adını daşıyan 239 saylı tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib. 

Silsilə tədbirlərdə giriş nitqi söyləyən məktəbin direktoru Sədaqət Əzimova, keçirilən tədbirlərin mahiyyəti haqqında ətraflı bilgi verib, valideynlərlə, ziyalılarla birgə təşkil olunan görüşlərin, müzakirələrin şagirdlərin yaddaşında özünəməxsus iz buraxdığını deyib. 

Belə tədbirlərdən biri də, məktəbin yuxarı sinif şagirdləri ilə “Türk dünyası” mövzusunda keçirilən görüş-müzakirə olub. Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının “Türk Dünyası və onun böyük şəxsiyyətləri” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmi üzrə fəlsəfə doktoru Şəhanə Məhərrəmovanın “Türk dünyasının ədəbi irsi” mövzusunda mühazirələri maraqla dinlənilib, mühazirələr ətrafında müzakirələr aparılıb.

 Sonda məktəbin şagirdlərinin ifasında bədii hissə nümayiş etdirilib.
Tədbirdə iştirak edən Badamdar Bələdiyyəsinin sədri Təzəxan Məmmədov və Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tədbirə yüksək qiymət verərək, belə tədbirlərin digər məktəblər və ardıcıl olaraq keçirilməsinin faydalı olacağını bildiriblər. 
Qeyd edək ki, 239 saylı tam orta məktəb 1960-cı ildən fəaliyyət göstərir. 2008-ci ildə məktəbin əsas binası “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkəmizin I Xanımı Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən təmir edilərək şagirdlərin istifadəsinə verilib. 

2016/17-ci tədris ilində isə məktəbin hər iki korpusu müvafiq dövlət proqramı çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev məktəbdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Məktəbdə kimya, fizika, biologiya kobinetləri, dörd bilgisayar otağı fəaliyyət göstərir; habelə geniş “Akt zalı”, çağdaş standartlara uyğun idman zalı, idman meydançası vardır. Məktəbdə öz fəaliyyəti ilə seçilən “ Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyası Ümummilli liderin irsinin dərindən öyrənilməsində, XX və XXI yüzil Azərbaycan tarixinin öyrənilməsində, şagirdlərin dünyagörüşünün genişlənməsində, onların bir şəxsiyyət kimi formalaşmasında önəmli rol oynayır.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 239 saylı məktəb 2008–2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 85 pedaqoji işçi fəaliyyət göstərir, 1060 şagird təhsil alır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika, xalqlararası müsabiqə, olimpiada və digər yarışlarda fəal iştirak edir. Məktəbdə dərs keçən müəllimlərdən üçü “Əməkdar müəllim” fəxri adına, üçü “Tərəqqi medalı”na, beş nəfəri isə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

 Son illərdə bu məktəbin məzunlarından üçü Prezident təqaüdünə, 1 nəfəri isə qızıl medala layiq görülüb. Şagirdlərdən üç nəfəri respublika miqyaslı inşa yazı müsabiqəsinin qalibi, on nəfəri Respublika Fənn Olimpiadalarının qalibi, dörd nəfəri idman üzrə keçirilən yarışların qalibi, dörd nəfəri incəsənət sahəsində keçirilən müsabiqələrin qalibi olub. Məktəbin yeddi məzunu Qarabağ döyüşlərində şəhid olub. Hazırda məktəb həmin məzunlardan olan Tofiq Əbülfət oğlu Məmmədovun adını daşıyır.