Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-06 11:18:00
Yalnız bu xarici universitetlərin diplomları Azərbaycanda tanınır

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

Əcnəbi ölkələrdə təhsil almaq istəyənlərin ən çox düşündürən əsas məsələlərdən biri də xarici universitetlər tərəfindən verilən diplomun tanınmasıdır.

Bəs hansı xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar Azərbaycan Respublikası ərazisində tanınır?

AzEdu.az tələbələrin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edir.

-Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları