Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 08:34:00
Planetə Nəsiminin adını verdirən alim: “Hər gün bu xəbəri gözləyirdim”

 

Böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Müvafiq vəsatət Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BAİ üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.

AzEdu.az məsələnin necə ərsə gəlməsi haqqında Əyyub Quliyevin fikirlərini alıb.

O, sözlərində məsələnin fevral ayından gündəmdə olduğunu qeyd edib.

“Filoloqlarımız məndən xahiş etdilər ki, Nəsiminin adının planetlərin birinə verilməsi prosesini həyata keçirim.

Əvvəllər  bəzi tarixi şəxsiyyətlərin adının planetlərə verilməsi üçün xarici alimlərə müraciət etmişdik. Çünki onların nüfuzu daha yüksək idi.

Akademik Rafael Hüseynov mənə zəng edib xahiş etdi ki,  bu öhdəliyi üzərimə götürüm. Bunun üçün mart ayında Beynəlxalq Astronomiya İttifaqına müraciət etdim. Burada yerləşən Kiçik Cisimlər Mərkəzi mənə Nəsimi haqqında məlumatlar verməyimi xahiş etdi. Mən də filoloqların verdiyi tövsiyələr vasitəsi ilə məlumatları ötürdüm Bu məlumatları onlara ingilis dilində təqdim etdim. Həmin qurumun rəhbəri mənə xəbər verdi ki,  Nəsiminin  həyatı və yaradıcılığı onları maraqlandırıb və məsələyə ətraflı şəkildə baxılacaq. Bu mart ayında baş verdi və mən iki aydır, mütəmadi şəkildə xəbər çıxacağını gözləyirdim. Nəhayət, may ayının 30-da  xəbər verildi ki. Nəsiminin adı kiçik bir planetə verilib.

Bu planet Mars İlə Yupiter arasında yerləşir. Həmin planet 1995-ci ildən kəşf olunub.  Lakin öz adına isə bu il qovuşdu. Planeti çex alimlər kəşf ediblər. Artıq bu planet beynəlxalq kataloqlarda Nəsimi adı ilə tanınır”.

Qeyd edək ki, Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.

Şükufə Süleymanlı