Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 15:00:00
Hansı abituriyentlər kolleclərin ixtisas seçiminə buraxılmayacaq? -Keçid balları ilə bağlı suallara cavab

IX sinif şagirdləri üçün təşkil olunan buraxılış imtahanlarının II mərhələsi iyunda keçiriləcək.

XI siniflər üçün təşkil olunan buraxılış imtahanları isə artıq yekunlaşıb.

Kolleclərə qəbul buraxılış imtahanının nəticələri əsasında aparıldığından sosial şəbəkələrdə keçid balları ilə bağlı bir çox mövzular müzakirə olunur.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına əsasən kolleclərə qəbul zamanı nəzərə alınması vacib bir sıra bilgiləri izahlı formada təqdim edir:

Öncəlikdə qeyd edək ki, IX sinif buraxılış imtahanları 2 mərhələdə keçirilir. Əgər 9 illik bazadan kolleclərə sənəd vermək istəyirsinizsə, müsabiqədə hər 2 mərhələnin nəticələri əsasında iştirak edirsiniz.

İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

Yəni, qabiliyyət tələb etməyən ixtisasların müsabiqəsində iştirak üçün fənlər üzrə bal məhdudiyyəti qoyulub (Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmamalıdır).

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə fənlər üzrə bal məhdudiyyəti yoxdur.

İstənilən halda abituriyent 50-dən aşağı bal toplayıbsa heç bir halda müsabiqədə iştirak edə bilməz.

11 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər iştirak edə bilər.

Yəni, qabiliyyət tələb etməyən ixtisasların müsabiqəsinə buraxılmaq üçün xarici dil istisna olmaqla fənlər üzrə bal məhdudiyyəti qoyulub (Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmamalıdır).

Xüsusi qabiliyyət tələb edən edən ixtisasların müsabiqəsinə qatılmaq üçün isə fənlər üzrə bal məhdudiyyəti yoxdur.

Bir sözlə, abituriyent qabiliyyət tələb etməyən ixtisaslar üzrə kolleclərə qəbul olunmaq istəyirsə ən azı 50 bal, qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyirsə, ən azı 40 bal toplamalıdır.

Minimal ballardan aşağı nəticə göstərən abituriyentlər heç bir halda müsabiqəyə buraxılmır.

İxtisaslar üzrə ayrı-ayrılıqda keçid balları isə müsabiqədən əvvəl formalaşa bilməz.

Keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

Xatırladaq ki, 9 illik bazada kolleclərin ixtisas imtahanın ikinci mərhələsi başa çatdıqdan sonra-24 iyul - 5 avqust tarixlərində həyata keçiriləcək. 

11 illik bazada ixtisas seçimi 15 - 19 avqust tarixlərində aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları