Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 14:17:00
Müəllimlərin çoxdan gözlədiyi qərarlar, universitetlərə müsabiqəsiz qəbul – Təhsil icmalı  

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Əmrdə göstərilib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.

Əmrlə 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilib.

Əmrə əsasən, müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin edilməlidir.

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun cari ilin 24 iyun tarixində başlanılması planlaşdırılır.

Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

“Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin ümumilikdə 3-24 iyun tarixlərini əhatə edəcək”.

Bunu sözlər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı 

Ötən həftədə II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən sözügedən qruplar üzrə 1 nəfər belə maksimum nəticə göstərə bilməyib.

"Azərbaycanda məktəblilər üçün vahid geyim formaları olacaq" .

Bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb.

Respublika fənn olimpiadalarının nəticələri açıqlandı

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Təhsil Nazirliyi jurnalistlər üçün maarifləndirici təlim keçirib

Geridə buraxdığımız günlərdə Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirib.

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Xaricdə doktorantura səviyyəsi üzrə təhsil üçün prioritet ixtisaslar müəyyənləşdirilib

Nazirlər Kabineti Azərbaycan "Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında" qərar verib.

Qərara əsasən, "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün aşağıdakı prioritet ixtisas istiqamətləri və ixtisasları müəyyən edilib:

Ceyhun Bayramov Tovuzda internat tipli gimnaziyada olub

Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya təlimli internat tipli  gimnaziyada olub.

Təhsil müəssisəsində şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb.

Buraxılış imtahanlarının nəticələri açıqlandı

XI sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları)  onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olundu

DİM tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

İmtahanda 8559 bakalavr iştirak edib. 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 1 nəfər ən yüksək nəticə -147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.

Bu proqramlar üzrə təhsil alanların təhsil haqqını dövlət ödəyəcək

"İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

Bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib.

Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb: "Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib".

Əvvəlki illərin məzunlarından heç kəs maksimum bal toplamadı

  2019-cu il aprelin 28-də keçirilmiş imtahanlarda maksimum nəticə göstərən olmayıb.

37 670 şagird buraxılış imtahanı verib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirilib.

Şagirdlərimiz beynəlxalq fənn olimpiadalarında bu qədər medal qazanıblar

  “Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında indiyə qədər 372 medal qazanıblar”.

Bunu Təhsil Nazirliyinin mətbuat nümayəndələri üçün keçirilən təlimində çıxışı zamanı Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.

Təhsil Nazirliyinə diplomların tanınması üçün müraciət edənlərin sayı açıqlanıb

Bu il ərzində Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı ən çox müraciət edilən ölkə adları məlum olub.

 Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova müraciətlərin daha çox MDB ölkələrindən, əsasən Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və Avropa ölkələrində təhsil almış şəxslərdən daxil olduğunu bildirib.

O qeyd edib ki, bu il xaricdə təhsilini bitirən şəxslərin diplomlarının tanınması ilə bağlı İdarəyə 1245 nəfər müraciət edib: "Ötən il diplomların tanınması ilə bağlı 3637 müraciət daxil olub".

 “Təhsil müəssisələrində mühafizə sistemi təşkil olunacaq”

 Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov media nümayəndələri üçün keçirilən təlimdə deyib.

II və III qruplar üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb

19 mayda keçirilən qəbul imtahanlarının nəticələri 31mayda  elan olunub.

 

Gələn il fənn olimpiada proqramlarına dəyişiklik ediləcək 

Təhsil Şöbələrinə göndərilən olimpiada proqramları bəzən gedib şagirdlərə çatmır.

Bu barədə Təhsil Tv-yə danışan Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev məlumat verib.

O, bildirib ki, hər dərs ilinin əvvəlində respublika fənn olimpiadalarının proqramları yerli icra orqanlarının təhsil şöbələrinə göndərilir. Amma təəssüf ki, müəyyən problemlər ucbatından bəzən onlar şagirdlərə çatmır:

 “Gələn ildən bütün təhsil ictimaiyyəti nəzərə alınacaq. Olimpiada.edu.az saytında hər fənn və yaş qrupu üzrə proqramlar yerləşdiriləcək”.

Ali məktəblərdə təqaüd yerlərinin sayı artırılıb

"Ölkə Prezidentinin fevralda imzaladığı sərəncamla qüvvədə olan ali təhsil, peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrində mövcud olan tələbə təqaüdlərinin məbləği artırılıb. Bu artım orta hesabla 20 faiz olub".

Bu sözləri Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.

Bu il ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayı artırılıb.

Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verib.

Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimində "Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı" mövzusunda danışan Yaqub Piriyev bildirib ki, plan yerləri ötən illə müqayisədə 45,599-dan 48.506-a qaldırılıb.

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”.

Bunu Təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Ali təhsil müəssisələrində 2019-2020-ci il tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edib. Biz bu gün magistratura səviyyəsində qəbul dinamikasını müşahidə edirik”.

“Ötən il işə qəbul edilən 1008 müəllimlə daimi müqaviləimzalanıb

"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqə nəticəsində 2018-2019-cu dərs ilinin sentyabr ayından etibarən 17 turda 4500 müəllim müddətli müqavilə əsasında işə qəbul edilib".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

Yeni tədris ilində ən çox plan yeri bu universitet üçün ayrılıb

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrində 41.086 plan yeri ayrılıb.

Növbəti dərs ilinə ən çox plan yeri Bakı Dövlət Universiteti (BDU) üçün proqnozlaşdırılıb.

Azərbaycanda son 15 ildə tikilən məktəblərin sayı açıqlanıb

Son 15 il ərzində ölkədə 3200-dən artıq məktəb binası tikilib və ya təmir edilib.

Bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.

IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilib

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirilib

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər.

Həftənin təhsil informasiyaları

Yay imtahanlarına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Mayın 30-dan iyunun 10-dək elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Bu ixtisas qrupu üzrə yay qəbul imtahanları keçirilməyəcək

Mayın 30-dan iyunun 10-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, V ixtisas qrupu üzrə yay qəbul imtahanları keçirilməyəcək. 

AMEA-da struktur dəyişikliyi olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən bir neçə tanınmış akademikin adına təsis edilən mükafatlar təsdiq edilib.

Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin keçirilən növbəti iclasında qərar qəbul edilib.

 Eyni zamanda növbəti qərarla Rəyasət Heyəti aparatının idarə və şöbələrinin yeni əsasnamələri təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyasının yaradılması, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.

Magistrlərin I beynəlxalq elmi konfransı keçirilib

Bu gün “İqtisadiyyat və İdarəetmə” ixtisasları üzrə təhsil alan magistrlərin I beynəlxalq elmi konfransı keçirilib.

Konfransda təhsil naziri Ceyhun Bayramov, təşkilat və komitə sədrləri, millət vəkilləri, rektorlar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları