Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 12:18:45
700 balı bir addımlığında itirən Məhəmməd: “Ani stres yaşadım, sonra isə...”

“Əzbərçiliyin qarşısının alınması bəzi uşaqlar üçün çətinlik deməkdir. Buna görə də əksər şagird sualların doğru cavablandırılmasında çətinlik çəkib. 700 ballıq nəticənin olmaması da məncə bununla bağlıdır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı yaz qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 694 balla ən yüksək nəticə göstərən Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinin şagirdi Məhəmməd Ağamalıyev deyib. Məhəmmədi 700 baldan bir sualın kodlaşdırılmasında etdiyi texniki səhv ayırıb:

“İmtahanda diqqətli olmağa çalışırdım. Bir anlıq stress səbəbiylə 35-ci sualı kodlaşdıranda 34-cü sual üçün ayrılan xananı da qaraladım. Bunla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət etsəm də, kompüter yoxlayan cavablara müdaxilə edilə bilmədiyini söylədilər.

Qəbul imtahanına düşən suallardan bir qismi test toplusunda olmayan və məntiq tələb edən tapşırıqlar idi. Bu da əzbərçiliyin qarşısının alınması üçün atılan addımlardan biridir. Lakin suallar məndə çətinlik yaratmadı.

Bu il 700 bal toplayan abituriyentlərin olmaması da məncə bunla bağlıdır. Əzbərçiliyin qarşısının alınması bəzi uşaqlar üçün çətinlik deməkdir. Buna görə də əksər şagird sualların doğru cavablandırılmasında çətinlik çəkib”.

Məhəmməd bu il edilən yeniliklərdən biri olan dinləmə mətnləriylə bağlı suallarda bir az çətinlik çəkdiyini bildirib:

“Planla bağlı bir tapşırıqda durğu işarələri qoymaq olmazdı. Lakin bunun fərqinə varmadığımdan cavab vərəqində durğu işarələrini qeyd etmişdim. Apelyasiya Komissiyasına müraciət etdim. DİM-də mətnin məzmununun doğruluğu və durğu işarələrinin ciddi əhəmiyyət daşımadığı təsdiqləndi. Beləliklə, buraxılış imtahanında maksimum, yəni 300 bal topladım.

Yay qəbul imtahanlarında iştirak etməyəcəyəm. Yorulmuşam və bu imtahanda onsuz da 700-lük yazdığımı bilirəm. Sırf bu bala görə yay imtahanlarında iştirak etmək fikrim yoxdur”.

Xatırladaq ki, yaz qəbul imtahanlarında 700 ballıq nəticə göstərən abituriyent olmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları