Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-02 12:01:00
Tələbələrin imtahan hazırlığı: “Dua oxuyur, dini videoya baxıram”-SORĞU

Universitetlərdə dərslər bitib.  Artıq gələn həftədən əksər ali məktəblərdə semestr imtahanları başlayır. Bu da  tələbələrdə qorxu və stressə səbəb olur. 

AzEdu.az əməkdaşı müxtəlif universitetlərdən olan tələbələr arasında sorğu keçirib.  Kiçik sorğuda onların imtahana hazırlıq üsullarını öyrənməyə çalışdıq:

Azərbaycan Dillər Universitetinin  I kurs tələbəsi  Səid Sadıqov yalnız imtahana bir gün qalmış bütün proqramı təkrar etməklə kifayətlənir:

“İmtahana daha çox bir gün qalmış hazırlaşıram. Məsələn, semestr ərzində 7 fənn keçirik. Hər birinə aid imtahanlar  arasında 3 gün fərq olur. İki günü oxuyub, bir günü isə təkrara  həsr edirəm. Beləcə, imtahana hazır oluram”.

Azərbaycan Texniki Universitetinin  III kurs tələbəsi Fariz Şirinov imtahan əvvəli daha çox dua etməklə keçinir:

 “İmtahanda əsas kəsilməməyə çalışıram. Hər gecə dua edirəm. Bir də imtahan ayı  ərzində  daha çox dini videolara baxıram. Mən özümü belə motivasiya edirəm, beləcə də imtahanları keçirəm”.

Digər bir ADU tələbəsi Əliağa Abbasov imtahana bir neçə gün ərzində deyil, daha çox semestr boyu hazırlaşdığını deyir:

“İmtahan üçün xüsusi hazırlıq üsulum yoxdur. Semestr boyu oxuyub imtahana bir gün qala təkrar edirəm. Məncə imtahana hazırlaşmağın ən doğru üsulu budur”.

Bakı Mühəndislik Universitetinin VI kurs tələbəsi Ülvi Eyvazlı əsas məsələni fokuslanmaqda görür:

“İmtahana bir gün hazırlaşan biri olaraq xüsusi hazırlığım yoxdur. Məncə, əsas məsələ fokuslanmaqla bağlıdır. Dərs oxumağa başladıqdan sonra başqa heç nəyə fikir vermirəm. Bunu bir-iki saat etmək belə kifayətdir.  Oxuduğun dərsə nə qədər fokuslansan, imtahanda da o qədər bəhrə verər”.   

Bakı Slavyan  Universitetinin I kurs tələbəsi Əli Nağılı İmtahan üçün xüsusi üsulunun olmadığını bacardığı qədər çox sual oxuduğunu deyir:

“İmtahan üçün xüsusi hazırlığım yoxdur. Suallar veriləndən sonra imtahan kimi bacardığım qədər oxuyuram. Məsələn, elə sabah imtahanımızdı. 90 sualdan 60-nı oxumuşam”.

Azərbaycan Neft və Sənaye Universitetinin III kurs tələbəsi  Elvin Əlizadə imtahan üçün istifadə etdiyi hazırlıq üsulunu bizimlə bölüşdü:

“İmtahana hazırlıqla bağlı istifadə etdiyim bir neçə üsulu deyə bilərəm. Hazırlaşan zaman vaxtı düzgün bölmək lazımdı. Məsələn, imtahanlar arasında 5 günlük interval varsa, sonuncu günü mütləq təkrara saxlamaq lazımdır. Qalan günlərdə isə sualları bölüşdürərək oxumaq lazımdı. Hər sualı bir-iki dəfə oxuduqdan sonra onları yazaraq öyrənirəm. Bu zaman dərs materialına baxmamaq məsləhətdir. Daha çox gündüz oxumağa diqqət edin.  3 saat gecə öyrəndiyinizi gündüz bir saata öyrənmək mümkündür. Bir də yuxu rejminə diqqət eləmək çox vacibdir.  Çətin suallardan qaçmaq yerinə, onları öz başa düşəcəyiniz şəkildə sadələşdirin. Ən əsası imtahandan qorxmayın. Nə qədər qorxsanız, o qədər bal itkisidir. Bir də imtahan axşamı sosial şəbəkələrdə ağlamaq yerinə, təkrar eləmək daha faydalıdır.

Digər bir ADNSU tələbəsi Sevinc Rzayeva da özünün hazırlıq üsullarından danışır:

“İmtahana çox stressli vəziyyətdə hazırlaşmıram.  İmtahan arası istirahətimə mütləq vaxt ayırıram. Çünki nəyi rahat tələsmədən  çatdırıb oxusam, elə o yadımda qalır. Əgər fikrimdə əlaçı olmaq varsa bu zaman bütün  sualları oxuyuram əks halda bacardığım qədər oxuyuram.  Çətin fənlərə gəldikdə isə, imtahanda çətinlik yaratmaması üçün onları semestr ərzində oxumağa çalışıram. Bir də imtahan müddətində yuxu rejminə fikir vermək lazımdı. Yuxusuzluğun özü elə yaddaşı zəiflədən əsas amillərdəndir”.

 Azərbaycan Dövlət Pedoqoji Universitetinin  I kurs tələbəsi  Nicat Nurizadə imtahana hazırlıq üçün xüsusi üsulun olmadığını, bütün  semestr boyu hazırlaşdığını deyir:

 “İmtahan üçün xüsusi bir üsulum yoxdur. Semestr ərzində hazırlaşmağın tərəfdarıyam. Qiymətlərimi ay sonu aldığım üçün qiymət baxımından arxayın düşməyib, hər dərsə hazırlaşırdım. İmtahan aralarındakı günlərdə isə sadəcə keçdiyim dərsləri təkrarlayıram..

Bakı Dövlət Universitetinin  I kurs tələbəsi Murad Şıxəliyev də imtahan bir günə hazırlaşanlardandır:

 “İmtahan üçün xüsusi üsulum yoxdur. Bir günə hazırlaşanlardanam. Bir günə bacardığım qədər sual oxuyuram . Çatdıra bilmədiyim suallar isə artıq bəxtə qalır”.

Rəna NƏBİ