Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 23:47:00
ADA Universitetində   “Məzun günü”

Bu gün  ADA Universitetində “Məzun günü 2019” keçirilib.

AzEdu.az xəbər verir ki, bu il ADA Universitetində 7 bakalavr və 5 magistr ixtisası üzrə 406 nəfər tələbə məzun olub. Məzunlar arasında bu il Azərbaycandan başqa, 11 müxtəlif ölkə, o cümlədən Əfqanıstan, Baham adaları, Gürcüstan, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Moldova, Monteneqro, Nigeriya, Rusiya Federasiyası və Türkiyə təmsil edilib.

 

Tədbir universitetdə təhsil alan, təmsil etdikləri dövlətlərin bayraqlarını gətirən əcnəbi tələbələrin marşı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Mərasimdə məzunlar adından Nərmin Babayeva (beynəlxalq münasibətlər ixtisası, bakalavr) və Tərlan Abbasova (təhsil üzrə menecment ixtisası, magistr) çıxış edərək bu əlamətdar günün sevincini tədbir iştirakçıları ilə bölüşüblər.

 

ADA Universitetində tələbə həyatını əks etdirən videokadrlar qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, universitet tələbə, məzun, müəllim və işçi heyəti 46 müxtəlif ölkəni təmsil edən beynəlmiləl mühiti, müasir tələbə şəhərciyi, fəal və maraqlı tələbə həyatı, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlər, dünyanın 70 aparıcı universitetində təhsil mübadiləsi imkanı, məzunlar arasında 89 faiz məşğulluq göstəricisi ilə fərqlənir.

 

ADA Universitetində bakalavr pilləsi üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və sistem mühəndisliyi (bu ixtisas üzrə buraxılan sinfin hazırkı məşğulluq göstəricisi 100 faizdir), biznesin idarə olunması, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər tədris edilir. Magistr pilləsi üzrə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA, Exectuive MBA, təhsil üzrə menecment tədris edilir.

 

 

Ali təhsil müəssisəsində əsas meyarın keyfiyyətli təhsilin təmin edilməsindən ibarət olduğunu bildirən rektor Hafiz Paşayev qarşıya qoyulan məqsəd və vəzifələrin ildən-ilə artdığını bildirib. Diqqətə çatdırıb ki, bu yaxınlarda ADA Universitetində yeni iki tədris binası tələbələrin istifadəsinə veriləcək. Sentyabrda dərsə başlayanda onlar bu binaları öz enerjisi, elmə həvəsi və gənc ruhu ilə dolduracaqlar.

 

ADA tələbə icmasına sentyabrda daha bir üzv qoşulacaq - ADA şagirdi. Yeni tədris ilində 200-dən çox şagird bu il fəaliyyətə başlayan kollec tipli ADA Məktəbində oxuyacaq. Məktəbin tədris proqramı şagirdləri akademik baxımdan universitet illərinə daha hazırlıqlı yetişdirəcək və XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına mühüm yer ayıracaq.

 

Məktəb tək universitetlərə daxil olmaq istəyən abituriyentlər yox, ümumən geniş biliklərə və dünya görüşünə sahib olan savadlı yeniyetmələr hazırlayacaq.

 

“Azərbaycanın qurmağa çalışdığı bilik iqtisadiyyatına töhfə kimi ADA Universiteti dəqiq elmlər və mühəndislik ixtisaslarının tədrisi və tətbiqini genişləndirmək niyyətindədir. Artıq ABŞ-ın aparıcı Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom magistr proqramının və doktorantura proqramının təsis edilməsi barədə razılıq əldə edilib. Mühəndislik üzrə ali və orta təhsil verən, elmi tədqiqatlar aparan və sənaye qurumlarını bir araya gətirən elmi-tədris mərkəzinin yaradılması da planlarımızdadır. Bu istiqamətdə bizi ruhlandıran amil Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinə verdiyi dəstəkdir.

 

Gələcək bu günün sinif otaqlarından başlayır. Əminəm ki, bu gün məzun olan tələbələrimiz ADA dəyələrini, universitetimizin yenilikçi ruhunu özləri ilə həyat boyu daşıyacaq, Azərbaycanın inkişafı üçün yeni istiqamətlər, yeni imkanlar yaradacaqlar”, - deyə Hafiz Paşayev bildirib.

 

Sonra məzunlara diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.