XƏBƏRLƏR

29.05.2019 14:40
“Yazılar bir qədər sərt tələblər üzərindən yoxlanılıb, nəticələr məni qane etmir”–Jurnalistika fakültəsinin dekanı  

Dünən magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

İmtahan nəticələri açıqlansa da, Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bəzi bakalavrlar arasında narazılıqlar ortaya çıxıb.

Namizədlər II mərhələdə yazılan essenin (yazı işinin) düzgün qiymətləndirilməməsindən və prosesdə “tapşırığın” mühüm rol oynamasından şikayətçidirlər..

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlumövzu ilə  bağlı sosial şəbəkədə öz fikrini bildirib.

O, sözlərində esse mərhələsində Jurnalistika fakültəsinin tərəf olaraq çıxış etmədiyini qeyd edib:

“İlk növbədə nəzərinizə çatdırmaq və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, jurnalistika ixtisası üzrə nə bakalavr, nə də magistratura üzrə qəbulda esse müsabiqələrində fakültə tərəf olaraq iştirak etmir.  Bu imtahanları nə təşkil edir, nə də aparır.

Müsabiqələr birbaşa DİM və yaratdıqları komissiya tərəfindən aparılır.

Bizdən yoxlama komissiyasına daxil etmək üçün bəzən mütəxəssis istənilir, biz də öz namizədlərimizin adlarını veririk, seçim və onların prosesə cəlb edilməsi ilə bağlı son qərarı isə birbaşa DİM verir.

Magistratura üzrə qəbulun nəticələrinə gəlincə, bəli, razıyam ki, DİM-in builki ekspertləri deyəsən, doğrudan da, yazıları bir qədər daha sərt tələblər üzərindən yoxlayıblar. Bu nəticələr məni də qane etmir”.

Vüqar Zifəroğlu həmçinin, Jurnalistika ixtisaslaşmalarına magistratura pilləsinə qəbulun bu cür çətinləşdirilməsi və sərtləşdirilməsinin doğru olmadığını deyib.

“Burada bir vacib məqam da yoxlamaya cəlb olunanların əksəriyyətinin Jurnalistika fakültələrinin müəllimlərinin deyil, çox zaman dil-ədəbiyyat müəllimlərinin olması durur. 

Mən, hələ 4-5 il əvvəl DİM-ə bununla bağlı təkliflərimi vermişdim ki, normal, sabit, peşəkarlardan ibarət ciddi komissiya yaradılsın. Əfsus ki, buna məhəl qoyulmadı.

Təklif edirəm ki, Apellyasiya Komissiyası heç olmasa peşəkar jurnalist müəllimlərdən təşkil edilsin. Mən  bu komissiyanın işində iştirak etməyə hazıram”.

İlin gənc müəllimi-Müraciət formu