Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 22:10:00
Məcburi köçkün  müəllimlər elektron təhsil resursları barədə bilgiləndirilib

“Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Yevlax rayonunda məlumatlandırma sessiyası keçirilıb. Tədbirdə Yevlax rayonunda fəaliyyət göstərən Ağdam rayon 23 saylı,  Kəlbəcər rayon 30 saylı, 48 saylı və 85 saylı tam  orta məktəblərdə çalışan 28 müəllim iştirak edib”.

 

Bu barədə AzEdu.az-a “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov məlumat verib.

 

X.Kazımovun sözlərinə görə, layihəsinin əsas məqsədi  məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə aid göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsidir: “Bu günədək orta məktəblərdə tədris olunan onlarla dərsliyin elektron variantı hazırlanaraq elektron resurslarda yerləşdirilib. Bu günlərdə elektron dərslik portalına V, VI, XI  sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq V, VI, VII, VIII, IX, X, XI  sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər. Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 241 elektron vəsait mövcuddur. Tədbir zamanı elektron hökumət portalı, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi vasitəsilə, o cümlədən digər portallar üzərindən göstərilən elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verdik. Təhsil sahəsi ilə bağlı elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə nümayiş etdirildi”.

 

Qeyd edək ki, tədbir zamanı elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadədə köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet paylanılıb.