Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-26 10:45:00
STEM təhsilin mənzərəsini dəyişir

Hədəf 4S bacarıqlarının inkişafına yönəldilib

ABŞ-ın Corstaun Universitetinin tədqiqatçıları ali təhsilin tələb olunmadığı  təxminən 13 milyon vakansiya hesablayıblar. Maraqlıdır ki, ali  təhsil diplomlarının tələb olunmadığı  iş yerlərində illik əməkhaqqı 35 min dollardan yuxarıdır.  Son 30 il ərzində bu cür təkliflərin həcmi  12% azalsa da,   “mavi yaxalıqlılar”  üçün vakansiyaların miqdarı hələlik  kifayət qədər  yüksəkdir.

ABŞ-da bu  problemi radikal şəkildə həll etməyə başlayıblar, hər yerdə uşaqlara ali məktəblərə daxil olmamağı, məktəbi bitirdikdən dərhal sonra işləməyə başlamağı təbliğ edirlər.   Məsələn, Miçiqan ştatında məktəblər sənaye müəssisələri ilə sıx əməkdaşlıq edirlər.  7-ci sinifdən isə  şagirdlərin  peşəyönümü təlimi tətbiq edilir. Bunlara nail olmaq üçün isə bütün dünyada  təhsilin mənzərəsini dəyişən   STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat)  yanaşmalardan istifadə edirlər. 

Beləliklə də diplom tələb etməyən böyük şirkətlər üçün məzunların STEM çərçivəsində aldıqları bilik və bacarıqlar  kifayət hesab olunur.  STEM hələ ötən əsrin 90-cı illərindən yaranıb, lakin  indi xüsusi olaraq məşhurluq qazanıb,  çünki  bu sistem uşaqlara  verilən məsələnin  həllini  müəllimdən gözləməyi  yox, sərbəst şəkildə  axtarmağı öyrədir.  Yanaşma 4S bacarıqlarının inkişafına yönəldilib.   Müəllim mentor və ya məsləhətçi rolunda çıxış edir və sərbəst tədqiqatlara həvəsləndirir: kritik düşüncə, kreativlik, kommunikasiya və kolloborasiya.  Hesab edilir ki, məhz bu keyfiyyətlər  XXI əsrdə tələbolunandır.

STEM-yanaşma təlimin modul  vasitə ilə aparılmasını təklif edir.  Ən çox vaxt  təcrübəyə  (60%-ə qədər) ayrılır.  Müəllim yalnız tapşırığı verir,  həlləri isə  şagirdlər özləri axtarırlar. Tapşırıqlar, bir qayda olaraq, tərəfdaş  müəssisələrdən gəlir  və real problemlərin həllinə tuşlanıb. Əvvəlcə uşaqlar ideyaları yaradırlar, sonra onları proqramlaşdırmanın və ya başqa mühəndislik bacarıqlarının  köməyi ilə həyata keçirir,  sonda təqdimat  hazırlayır  və layihəni müdafiə edirlər.

Məktəblilərin ixtisas seçimi ilə ictimai birliklər, Təhsil xidmətlərinin  regional agentlikləri  (Regional Educational Service Agencies -RESA) məşğul olurlar.  Onlar STEM yanaşmanın tətbiqində  köməklik göstərir və müəllimləri öyrədirlər.  RESA-nın dəstəyi  ilə müəllimlər  öz ixtisaslarını artırmaq  və biznesə gələcək məzunlara məhz  hansı bacarıqların  tələb olunduğunu öyrənmək üçün  müntəzəm surətdə  yay proqramları keçirlər. Bu,  məktəblərə  uşaqlara çətin ki, lazım olacaq bilikləri öyrətməyi deyil,  konkret tələbata əsaslanan təhsil  prosesini təşkil etməyə imkan verir.  Məsələn, hazırda  ABŞ-da səhiyyə sahəsində hər 10 mütəxəssisdən bir həkim, 2 tibb bacısı və mürəkkəb tibb avadanlıqlarına  xidmət üzrə 7 mexanik tələb olunur.  Və məktəblər tədris proqramlarının formalaşması zamanı  bunları nəzərə alır. 

RESA məktəblər və şirkətlər arasında əlaqənin təşkilində böyük rol oynayır.   ABŞ-da məktəblərin direktorlarına müəssisələrlə danışıqlara vaxt itirməyə ehtiyac yoxdur. Onların əvəzinə bunu agentlik edir.  Belə ki, təkcə ABŞ-ın Miçiqan ştatında yerləşən  Kalamazu şəhərində  RESA-nın 75 tərəfdaşı  var ki, onların arasında  Bosch, Dupont Pioneer, General Motors, Denso kimi şirkətlər yer alıb.  Onlar məktəblərdə interaktiv dərslər  keçirlər. Məsələn, Pfizer şirkətinin interaktiv dərslərinə  “Heyvanların davranışı və sağlamlığın diaqnostikası” və “İstilik kameraları -   insanın ürəyi necə  təşkil edilmişdir” misal göstərmək olar.   Və ən əsası,  şirkətlər  təmizliyi, rahatlığı və robotlaşdırmanı nümayiş etdirmək üçün müntəzəm olaraq şagirdləri  istehsalata ekskursiyalara dəvət edirlər.  Beləliklə də onlar bu yolla zavodda az maaşlı və ixtisassız əmək barədə yaranmış fikirləri dəyişirlər.  

RESA məktəblilərin  ixtisas təliminin maliyyələşdirilməsini də  öz üzərinə götürür.   Aydındır ki, hər bir məktəb robototexnikanı tədris etməyə hazırdır,  amma avadanlığa və müəllimlərin yeni ixtisas almasına görə pulu  haradan əldə etmək olar?  RESA məktəblərə müəssisələrdən qrantlar  almağa və onların bahalı tədris  proqramlarını tətbiq etməyə  kömək edir. Axı  keyfiyyətli təhsildə, ilk növbədə, məhz biznes  maraqlıdır, çünki bugünkü məktəblilər onun gələcək əməkdaşlarıdır.  Kalamazuda  fəaliyyəti ərzində RESA  biznesdən qrantlar şəklində 920 min dollar cəlb edib.

İndi Miçiqanda ixtisas təlimi demək olar ki, 4000 şagirdi əhatə edir, onlar üçün 160 proqram hazırlanıb.

Qeyd edək ki, elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını tələbələrə göstərir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdır. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.   STEM fənləri məktəbliləri hansı peşəni seçmələrindən asılı olmayaraq  həyata hazırlayır. 

Sorğular göstərir ki, məktəblilərin 90%-i  bu cür təhsili qiymətli hesab edir, axı o,  tələb olunan bacarıqları almağa və məktəbi bitirdikdən dərhal sonra işə çıxmağa kömək edir. Xüsusilə də bu, uşaqlarının  kollec və ya ali təhsil  haqlarını ödəməkdə çətinlik çəkən ailələr  üçün əhəmiyyətlidir.

Son rəqəmlərə əsasən, STEM təhsili və ya sertifikatı almış məzunlar  işlə təmin olunma  imkanlarının geniş spektri üzrə daha yaxşı şanslara malikdirlər  və əmək bazarında daha yüksək maaş alırlar. STEM çərçivəsində alınmış 93 peşə üzrə əməkhaqları ölkə üzrə orta göstəricidən kifayət qədər yüksək olaraq  48320 dollar təşkil edib. (Azərbaycan müəllimi)