Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-25 16:45:00
Bölgə müəllimi Bakı məktəbində direktor müavini ola bilər? - Rəsmi

Paytaxtda yerləşən orta ümumtəhsil müəssisələrində direktor müavini işləmək istəyənlər üçün müsabiqənin I mərhələsi artıq yekunlaşıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müavinlərin işə qəbulunun imtahan mərhələsi 10-11 may tarixlərində keçirib.

Keçirilən müsabiqə əksər insanların direktor müavinliyinə marağının artmasına səbəb olub. Son vaxtlar ən çox verilən sual isə bölgə məktəblərində çalışıb, müavinliyə iddialı olanlarla bağlıdır.

Rayon orta təhsil müəssisələrinin birində çalışan müəllim Bakı məktəbində direktor müavini olmaq üçün imtahan verə bilər?

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hal mümkündür. Rayon ümumi təhsil müəssisəsində çalışan müəllimin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi direktor müavini vəzifəsinə işə qəbul müsabiqəsində iştirakı ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

Qeyd edək ki, Bakıda direktor müavinlərinin işə qəbulu ikimərhələli müsabiqə yolu ilə həyata keçirilir. I mərhələ test imtahanları, II mərhələ isə müsahibədən ibarət olur. İmtahan zamanı suallar Məntiq, İnformatika və vəzifə səlahiyyətləri ilə bağlı olur. Namizədlərə 1 saat ərzində cavablamaq üçün 40 sual təqdim edilir.

Sonuncu müsabiqə nəticələrinə əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə keçid balı 28, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə keçid balı isə 25 müəyyənləşib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları