Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 15:31:52
Olimpiada qalibi niyə imtahansız qəbul olunmalıdır?

Ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub.

Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib.  Qanunda fənn olimpiadaları qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə müsabiqəsiz qəbulu, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib.  Artıq bu dəyişikliklərdən bir neçəsinin tətbiqinə başlanılıb.

Son iki günün aktual mövzusuna çevrilən yeni qərarlar da məhz bu düzəlişlər əsasında təsdiq olunub. Belə ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, subbakalavrlar (orta ixtisas peşə təhsili müəssisələri bitirənlər) həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər, eləcə də, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri  ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna biləcəklər. Edilmiş dəyişikliklərin ali təhsilə əlçatanlığın təmin olunması baxımından əhəmiyyətli olduğu bildirilir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Fazil Mustafa ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulla bağlı qərarları dəstəklədiyini bildirib:

“Hesab edirəm ki, həm subbakalavr, həm də beynəlxalq olimpiada qaliblərinin ali təhsil müəssisələrinə imtahansız qəbulu ilə bağlı yaradılan bu imkan təqdirəlayiqdir. Çünki belə olduğu halda beynəlxalq yarışmaların qalibləri ölkədən getməyə can atmayacaq və şagirdlərdə olimpiadalarda iştirak etmək üçün daha çox maraq yaranacaq.

Ümumiyyətlə, bu şəxslərə imtahan vermədən universitetə qəbul olmaq imkanı yaradılsa da, onlar sonradan sessiyalara  ciddi şəkildə hazırlaşıb, seçdikləri ixtisasa dərindən yiyələnməyə çalışmalıdırlar”.

Təhsil eksperti Etibar Əliyev sözügedən məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, edilən dəyişikliklər  ölkənin təhsil sistemində  ciddi uğur sayılır:

-“Dəyişikliklər sayəsində təhsil sistemində şəffaflıq daha da artırılmış oldu. Təhsil naziri Ceyhun Bayramovun rəhbərliyi altında təhsil siyasətimiz uğurla davam etdirilir. Məhz Təhsil nazirinin təşəbbüsü ilə olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbulu reallaşacaq. Bu, həqiqətən də ciddi uğurdur. Ona görə ki, olimpiada fəaliyyəti gələcək alimlər yetişdirən prosesdir və bütün təhsil sisteminin ilhamverici mayakıdır. Olimpiada hərəkatı boy atmağa başlayıb və ən başlıcası, bu qərarla mənəvi yüksəklik qazanıb”.

Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə də “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri təqdirəlayiq hesab etdiyini vurğulayıb:

“Subbakalavr və beynəlxalq olimpiada qaliblərinin imtahan vermədən ali məktəblərə qəbulu prosesini yüksək qiymətləndirirəm.  Məncə, tam vaxtında verilmiş qərardır.  Beynəlxalq müsabiqə və respublika fənn olimpiadalarının mükafatçıları ilə bağlı verilmiş bu qərar şagirdlərdə olimpiadalara həvəsi artıracaq”.

Baymedia.az-ın baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə,  qəbul edilən qərarlar təhsilin bütün pillələrində əlçatanlığın təmin edilməsi, idarəçiliyin daha çevik olması baxımından mühüm əhəmiyyətə malikdir:

““Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı bu sahədə uzun illər mövcud olan problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Bütövlükdə son zamanlar təhsilin hüquqi bazasının təkmilləşdirilməsi və hüquqi mexanizmlərin yaradılmasını isə yüksək qiymətləndirirəm. Çünki bütün problemləri aradan qaldırmanın yeganə yolu qanuni mexanizmlərin  çevik bir şəkildə tətbiq olunmasıdır”.