Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 09:40:00
“İmtahansız qəbulun respublika olimpiada qaliblərinə şamil olunmasını istəmirdim”-Ekspert

 

Olimpiada qaliblərinin universitetə imtahansız qəbulu uzun zamandır müzakirə mövzusudur. Artıq olimpiadada hansı fənn üzrə qalib gələnlərin hansı ixtisaslara imtahansız qəbul ediləcəyi də müəyyənləşib.

Bunlar “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda əksini tapıb.

Təbii ki, çox müsbət və gənclərdə motivasiya yaradan amillərdəndir. Lakin fərqli fikirdə olub, respublika fənn olimpiadalarında qeyri-şəffaf halların baş verəcəyini düşünənlər, ali məktəblərə qəbulun obyektiv olmayacağını deyənlər də var.

“Qərarda respublika olimpiadaları barədə yazılanların bəzilərindən razı deyiləm”

Amma Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Naqif Nəbiyev belə düşünmür. O, qanun layihəsi qəbul edilməzdən öncə olimpiada qaliblərinin universitetlərə imtahansız qəbulunu təklif edənlərdən biri olub:

“Mənim etdiyim təklif isə məhz Beynəlxalq olimpiadalarda yer tutan şagirdlər üçün idi. Onların çoxunun bizim qəbul sistemimizə aidiyyatı yoxdur. Beynəlxalq olimpiadalarda yer tutanlar əsasən xarici universitetləri seçirlər.

Biz təklifləri verəndən sonra qanuna bəzi əlavələr edildi. Düzü, orada respublika olimpiadaları barədə yazılanların bəzilərindən razı deyiləm. Amma olimpiada qaliblərinin imtahansız qəbulu yalnız bizdə deyil. Bu, bütün dünyada mövcuddur.

Olimpiada qaliblərinin kreativliyi, zehni bacarıqları yüksək olduğuna görə, hər ali məktəb istəyər ki, onlar burada oxusunlar. 4 beynəlxalq olimpiada var. Hər il keçirilən olimpiadalarda bizim maksimum 20 şagirdimiz yer tutur. O  20 şagird hansı universiteti seçsə, oranın təhsil səviyyəsini artıracaq. Artıq 9 ildir bu işlə məşğul olduğuma görə bilirəm. Beynəlxalq olimpiada qalibləri dünyanın ən yaxşı universitetlərində oxuyurlar. Dünya universitetləri onları sevərək qəbul edir. Qərarın Beynəlxalq olimpiada qalibləri ilə bağlı hissəsində hər hansı problem olacağını düşünmürəm”.

“O qanunu görəndə etiraz etdim ki, respublika olimpiadasının qaliblərini bura qatmayaq”

O, daha çox respublika fənn olimpiadaları ilə bağlı deyilənlərdən narahatdır:

“Bizim təklifimiz hələ Mikayıl Cabbarovun vaxtında olmuşdu. İndi yəqin kimsə qanuna əlavələr edib.

Bu qanun layihəsində iştirak edənlərin heç birinin respublika fənn olimpiadaları ilə bağlı fikri yox idi. O qanunu görəndə etiraz etdim ki, respublika olimpiadasının qaliblərini bura qatmayaq. Beynəlxalq yarışların qaliblərinə fokuslanaq. Çünki bəzən onlar ölkəmizdəki imtahanlarda iştirak etmirlər. Qızıl medal alan şagirdlərim dünyanın ən yaxşı universitetlərində oxuyurlar. Onlar hətta Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxusalar belə, 700 bal toplayan abituriyentdən daha qabiliyyətli sayılarlar. Beynəlxalq olimpiada bürünc medal alan uşaq belə digərlərindən qat-qat savadlıdır. Buna görə də mən beynəlxalq olimpiadanın tərəfdarı idim.  

Məni maraqlandıran əsas məsələ dünya olimpiadasında iştirakımızın güclənməsidir. Beynəlxalq yarışlarının qaliblərinin xarici ali təhsil müəssisələrində deyil, bizim universitetlərdə oxuyub, səviyyəmizi qaldırmalarını istəyirəm. Onlar xaricə gedirlər. 1-2 tələbə burada ya Tibb Universitetində, ya da keçmiş Qafqaz Universitetində oxuyurdu. Qalanları dünyanın ən yaxşı universitetlərini seçirdilər. Məsələn, mən  beynəlxalq olimpiadada fərqli fənn üzrə yer tutanların da gəlib Hüquqda oxumasını istərdim. Biz bunu universitetlərin ümumi səviyyəsinin qaldırılması üçün istəmişik”.

“İnanmıram ki, hədsiz qabiliyyətli abituriyent müəllimliyi seçsin”

O, bu qanunun respublika fənn olimpiadalarının qaliblərinə aid edilən hissəsi ilə razılaşmamasının səbəbini belə izah edib:

“Bu qanun təklif olunanda mən dedim ki, razı deyiləm, burada qeyri müəyyənlik var. Dedilər ki, onda respublika olimpiadalarının qaliblərini müəllimlik üzrə qəbul edək. Amma hələ Fizika olimpiadası qalibinin müəllim olmaq istədiyini görməmişəm. Onlar həmişə mühəndislik və s . daha perspektivli ixtisasları seçirlər. Mən müəllim ailəsində böyümüşəm. Özüm də müəlliməm. İnanmıram ki, hədsiz qabiliyyətli abituriyent müəllimliyi seçsin.

Olimpiadaçılar arasından müəllimlik oxumaq istəyənlərin olacağını düşünmürəm. Yəni, qanun qəbul ediləndə bizim respublika olimpiadaları ilə bağlı belə bir təklifimiz yox idi. Yəqin, bunu digər qurumlar təkliflər ediblər.

Üstəlik, respublika olimpiadalarında öz uşaqlarımız yarışırlar. Sualları da orta məktəb səviyyəsində təşkil edirik. Onların super qabiliyyətli uşaqlar olduqlarına inanmıram. Beynəlxalq olimpiada qalibləri isə bütün dünya uşaqları arasından seçilir”.

“Beynəlxalq yarışların qaliblərinin ölkəyə cəlbinin tərəfdarıyam”

Bu qərarın olimpiadalara xüsusi maraq və axının yaranmasına səbəb olacağını düşünənlərə isə Naqif müəllim belə cavab verib:

“Hamı respublika olimpiadalarında qalib olmaq istəyir. Öz içimizdə olan yarışmalarının stimullaşdırılmasının tərəfdarıyam. Amma əsasən beynəlxalq yarışların təşkilinin, dünya səviyyəsində uşaqların aşkarlanmasını istəyirəm. Bu, təhsil standartımızı yuxarı qaldırar. Şəxsən mən respublika üçün  o qədər də stimullaşdırıcı tədbir düşünmürəm. Beynəlxalq yarışmaların qaliblərinin ölkəyə cəlbinin tərəfdarıyam”.

“Bu qərar işıqlı zəkaların Azərbaycanda qalmasına imkan yaradacaq”

Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı, Kimya üzrə fəlsəfə doktoru İqrar Nəzərov da uzun illərdir şagirdləri olimpiadalara hazırlaşdırır. Dediyinə görə, bu qərara münasibəti çox yaxşıdır:

“Düşünürəm ki, hətta bu istiqamətdə biraz gecikmişik. Dünyada olimpiada qaliblərinin imtahansız qəbulu ilə bağlı trend var. Açığı, bilmirəm bu qərarı nə qədər tərif edim.

Bu, olimpiada imkanlarını genişləndirəcək. İndiyədək beynəlxalq olimpiada qaliblərini ölkədə saxlamaq çətin idi. Düşünürəm ki, bu qərar işıqlı zəkaların Azərbaycanda qalmasına imkan yaradacaq”.

Qeyri–şaffaf  yollarla olimpiada qalibi olanların sayının artacağını düşünənlərə isə   İqrar müəllim belə cavab verib:

“Olimpiada prosesləri çox şəffafdır. Olimpiadadan sonra sualların düzgün həlləri şagirdlərə paylanır. Onlar öz yazdıqları ilə məsələnin düzgün həlli arasında müqayisə aparırlar. Üstəlik, şagirdin öz işini yoxlamaq imkanı da var. Olimpiada o qədər açıq və şəffafdır ki, heç bir qeyri-obyektivlikdən söhbət gedə bilməz. Orada hər hansı gizli məqam yoxdur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları