Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 17:15:00
“Gənclərimizi xaricdə oxutdurmaqdansa, əcnəbiləri ölkəmizə gətirmək daha faydalı olar” - “Zirvə”nin direktoru  

“Xaricdə təhsil mərkəzləri MMC və ya fiziki şəxs şəklində fəaliyyət göstərən müəssisələrdir. Bu kimi müəssisələrin lisenziyalaşdırılması Təhsil Nazirliyinin maraq dairəsində deyil”.

Bu sözləri AzEdu.az-a “Zirvə” kurslarının direktoru Rahib İbrahimov deyib. Onun sözlərinə görə, xaricdə təhsil şirkətləri gənclərin əcnəbi universitetlərə qəbul olma prosesində vasitəçi rolunu oynayır:

 “Xaricdə təhsil şirkətlərininlisenziyalaşdırılması Təhsil Nazirliyinin maraq dairəsində deyil. Çünki xaricdə təhsil mərkəzləri sahibkarlıq fəaliyyətində məşğul olan kiçik müəssisələrdir. Ümumiyyətlə, xaricdə təhsil şirkətləri gənclərin əcnəbi universitetlərə qəbul olması üçün vasitəçi rolunu oynayır. Məsələn, Türkiyənin hər hansı universiteti qəbul şərtlərini açıqlayırsa, xaricdə təhsil mərkəzləri həmin ali təhsil müəssisəsinə müraciət edir. Beləliklə,  xaricdə təhsil şirkətləri Türkiyədə təhsil almaq istəyənlər üçün sənədləşmə prosesində köməkçi olur.  Amma şagird internet vasitəsilə araşdırsa, özü də fərdi şəkildə seçdiyi universitetə qəbul ola bilər. Həmçinin, bir çox xarici universitetlər var ki, əcnəbi tələbələrdən YÖS, IELTS, ACT, SAT imtahan nəticələrini tələb edir. Həmçinin, xaricdə təhsil almaq istəyənlər universitetin tələb etdiyi beynəlxalq dil sertifikatlarından müəyyən balı toplaya bilsələr asanlıqla qəbul ola bilərlər. Yəni xaricdə təhsil mərkəzləri yalnız vasitəçi rolunu oynayır. Məhz buna görə də, düşünürəm ki, xaricdə təhsil şirkətlərinin lisenziyalaşdırılmasıo qədər də vacib məsələlərdən deyil”.

Rahib İbrahimov bildirib ki, gənclərimiz xaricdə oxumaqdansa, əcnəbi tələbələri ölkəmizdə təhsil  alması üçün cəlb etmək lazımdır:

“Gənclərin bakalavr dərəcəsi üzrə  xaricdə təhsil alması ölkəmizə o qədər də böyük nəsə qazandırmır. Yəni ölkənin daxilində təhsili inkişaf etdirsək, daha yaxşı olardı. Həmçinin, Azərbaycana əcnəbi tələbə axını çox olsa həm ölkə iqtisadiyyatı, həm də tanınması üçün  yaxşı olardı.  Gənclərimiz xaricdə oxumaqdansa, əcnəbi tələbələri ölkəmizdə təhsil  alması üçün cəlb etsək daha yaxşı olar. Təbii ki, gənclərimizin xaricdə təhsil almasının müsbət tərəfləri də var. Çünki  xaricdə təhsil alan gənc fərqli mühit və ölkədə olduğu üçün dünyagörüşü də zənginləşir. Düşünürəm ki,  gənclər xarici ölkələrdə magistratura, doktorantura  dərəcələr üzrətəhsil alsalar, daha yaxşı olar.

Əcnəbi tələbələri ölkəmizə cəlb etmək üçün dövlət və ya özəl universitetlərin üzərinə böyük yük düşür. Yəni əcnəbi tələbələri ölkəyə cəlb etmək əsasən universitetlərin görə biləcəyi işdir”.

“Zirvə” kurslarının direktoru vurğulayıb ki, Azərbaycan universitetlərini xarici ali təhsil müəssisələri ilə müqayisə etdikdə bəzi çatışmazlıqları görmək mümkündür:

“Demək olar ki, dünyanın ən inkişaf  etmiş ölkələrində hər il 5-6 dəfə təhsil sərgiləri keçirilir. Düşünürəm ki, həminsərgilərdə mütləq ölkəmizdən olan universitetlər iştirak etməlidir. Həmçinin, universitetlərimizin şəraiti, ixtisası, qəbul qaydaları haqqında əcnəbilərə məlumat verilməlidir. Eyni zamanda universitetlərimizin nümayəndələri ölkəmiz haqqında da əcnəbiləri məlumatlandırmalıdırlar.

Universitetlərimizi xarici ölkə ali təhsil müəssisələri ilə müqayisə etdikdə bəzi çatışmazlıqları görürük. Məsələn, demək olar ki, Türkiyənin bütün universitetlərinin  yataqxanası və yaöyrənci yurdları var. Amma Azərbaycanda isə bu kimi proseslər  yox səviyyəsindədir. Universitetlərimizin tələbə yataqxanaları ya normal şəraitdə deyil ya da yoxdur.  Hətta özəl təhsil müəssisələrində belə tələbə yataqxanaları yox səviyyəsindədir.  Düşünürəm ki, bu kimi proseslər çox önəmli məsələlərdir. 

Xaricdə təhsil şirkətləri  qeyri rəsmi  fəaliyyət göstərmir. Yəni xaricdə təhsil şirkətləri  Ədliyyə Nazirliyinin verdiyi lisenziya əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu kimi şirkətlər xidmət sektoru olaraq fəaliyyət göstərirlər. Onu da bildirim ki, Təhsil Nazirliyi heç bir xaricdə təhsil şirkətinə  lisenziya  vermir”.

Rahib İbrahimovun sözlərin görə, xaricdə təhsil şirkətlərinə müraciət edənlər DİM imtahanından zəif nəticə göstərənlərdir:

“Dünyanın tanınmış universitetləri əcnəbi tələbələrin təhsil alması üçün  qəbul kampaniyaları keçirirlər. Xarici universitetlərin qəbul qaydaları  həm ölkəmizdə həm də digər yerlərdə də keçirilir. Savadına güvənən gənclər qəbul qaydalarında iştirak edib,  xarici universitetlərə daxil ola bilərlər. 

Xaricdə təhsil şirkətlərinin əcnəbi ölkələrdə təhsil alması üçün göndərdikləri gənclər DİM imtahanından  zəif nəticə göstərən və ya kəsilənlərdir. Onlar yalnız attestat  balı ilə xarici ölkələrdə təhsil almaq üçün gedirlər. Bu da təbii ki, müəyyən narazılıqlara gətirib çıxarır.

Bir çox xarici universitetlər var ki, attestat qiyməti ilə əcnəbiləri qəbul edir. Amma attestatında maksimum və minimum qiyməti var.  Bəzi xarici  universitetlər var ki, attestat ortalaması 4 və ya 4.5 olan əcnəbiləri qəbul edir. Amma xarici universitetlərə müraciət edən uşaqların sayına görə,  attestat qiymətinin ortalaması da dəyişə bilər. 

Xaricdə oxumaq istəyən bəzi oğlanlar hərbi xidmətdən möhlət hüququ üçün təhsil şirkətlərinə müraciət edirlər. Amma bəzi hallarda qəbul prosesi çox gecikirsə buradan fırıldaqçılıq qaynaqlanır. 

Təbii ki, valideyn aldanmaması üçün mütləq xaricdə təhsil şirkətlərini araşdırmalıdır. Həmçinin, xaricdə təhsil şirkətinin ölkəmizdə neçə il fəaliyyət göstərməsinə də diqqət etmək lazımdır. Xaricdə təhsil şirkəti və valideynlər arasında da mütləq müqavilə bağlanıb, hər iki tərəf  öhdəlikləri götürməlidir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları