XƏBƏRLƏR

23.05.2019 10:46
Məşhur ABŞ universitetinin daimi alimi Əli Əskərov: “Ali məktəblərin məhv etdiyi çox istedad görmüşəm”  

“Azərbaycan gəncləri  bulaq kimi qaynayır. Amma onların inkişafı üçün yetəri səviyyədə şərait yaratmaq lazımdır”

Bu sözləri AzEdu.az-a müsahibəsində okeanın o tayında Azərbaycan elmini  təmsil edən Əli Əskərov deyib.

Elə öz dilindən DOSYE: 1970-ci ildə Qərbi Azərbaycanın  Amasiya rayonunda dünyaya gəlmişəm. 1988-ci ildə hərbi liseyi başa vurub, əsgəri xidmətə yollanmışam. Daha sonra isə Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olmuşam.Orada 5 il  beynəlxalq  münasibətlər ixtisası üzrə təhsil almışam. 1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq  münasibətlər fakültəsində magistr dərəcəsində yiyələnmişəm. Daha sonra ABŞ-a gəlib, 2002-ci ilədək Corc Meyson Universitetində elmi tədqiqatla məşğul olmuşam.

Təqdimata ƏLAVƏ: Əli Əskərov 2003-2005-ci illərdə ABŞ-ın CorcMeyson Universitetinin Sülh və münaqişə elmi institutunda magistraturada təhsilini davam etdirib. 2005-2007-ci illərdə Vaşinqtonda müxtəlif yerlərdə çalışıb. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində sülh və münaqişələr mərkəzinin doktoranturasında təhsilini artıraraq konfliktologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 2011-2013-cü illərdə Kanadanın Manitoba, Vinnipeq və Regina universitetlərində müəllim işləyib. Hazırda isə ABŞ-ın Şimali Karolina Universitetinin konfliktologiya departamentində tenure almış dosent vəzifəsində çalışır.

-Əli müəllim, öncə sizi ABŞ-a aparan səbəblərdən danışaq...

-2001-ci ildə ABŞ-ın  “George Mason” Universitetinə qısamüddətli qonaq tədqiqatçı kimi gəldim. Bir müddət sonra akademik fəaliyyətim üçün  bu ölkənin  daha münasib olacağına qərar verdim. Düşünürəm ki, müəyyən etdiyim hədəflərin bir qisminə nail olmuşam.

-Kanadanın bir sıra universitetində müəllim kimi çalışmısınız. Həmçinin, hazırda ABŞ-da pedaqoji fəaliyyətlə məşğulsunuz. Xaricə getdikdən sonra özünüzdə hansı fərqləri müşahidə etdiniz?

-Şəraitdən asılı olmayaraq yaradıcı insan daim inkişaf etməli, öz üzərində işləməlidir. Bəzən yeni mühit bu inkişafı sürətləndirir və ya ləngidir. İnsanın inkişafı bir qədər mühit və fərdin də xüsusiyyətindən asılıdır. Təbii ki, bir çox başqa təsiredici amillərdəvar. Amma yeni mühitin insan üzərində həm mənfi, həm də müsbət təsirləri ola bilər. Bu, mənim  üçün daha çox müsbət bir dəyişiklik oldu. Fərqli problemlərə yanaşmalar, fikir azadlığı, qaynaq bolluğu, intellektual yüksək bir çevrə fəaliyyətim üçün stimulverici rol oynadı.

-ABŞ və Kanada da elm adamları üçün hansı stimulverici addımlar atılır?

-Həqiqi elm adamı olmaq hər yerdə zəhmət tələb edir. Ümumiyyətlə, hər hansı bir şeyə nail olmaq üçün elm adamları çox çalışmalıdırlar. Təbii ki, bunun üçün isə uyğun şərait lazımdır. ABŞ və Kanada da elm adamları üçün lazımi şərait mövcuddur.  Onu da bildirim ki, ABŞ və Kanada da tədqiqatçılar texniki avadanlıqlarla, elmi qaynaqlarla  yaxşı təchiz olunurlar. Amma ən əsas məqam sistemin özündədir. Buradakı universitetlərdə “tenure” almaq olduqca müşkül məsələdir. Pedaqoji fəaliyyətlə məşğul olan insanların əksəriyyəti universitetlərdə  müqavilə əsasında çalışırlar. Bu da onların işlərinin daimi olmadığı mənasına gəlir. Daimi “tenure” almış elm adamları üçün isə vəziyyət daha fərqlidir. Təbii ki, bu onların elmi fəaliyyətinə də müsbət təsir edir. Burada Azərbaycanda olduğu kimi, Ali attestasiya komissiyası yoxdur.  Universitetlərin özlərində müxtəlif hierarxiyadavəzifə və yüksəliş komitələri var. O komitələr elm adamlarının fəaliyyətini adətən üç istiqamətdə təftiş edir:nəşr etmə, tədris və ictimaiyyə xidmət… Məlum olduğu kimi, pedaqoji fəaliyyətlə məşğul olan elm adamları həm araşdırmalı,  dərs keçməli, həm də cəmiyyətə xidmət etməlidir. İşçilərinin faydalanmsı üçün ABŞ universitetlərində  bir çox daxili  qrant və mükafatlar təsis edilib. Məsələn, Şimali Karolina Universitetində hər il fakültədən sadəcə bir nəfərə tədris, araşdırma, xidmət üstünlüyü, mükafatlarıverilir. Onu da bildirim ki, bunlar olduqca nüfuzlu mükafatlardır. Həmçinin, bu mükafatlardan hər  hansı  birini  almaq üçün uzun müddət seçim proseslərindən keçmək lazımdır.

-Bəs siz bu mükafatlardan hər hansı birini almısınız?

-Tədris mükafatını almaq mənə də nəsib olub. Əlbəttə bu  çox qürurverici bir hissdir. Çünki universitetin bütün müəllim-tələbə heyəti bundan agah olur. Amma bu cür şeylərdən sıxılan bir adamam. Onu da bildirim ki, iki dəfə də araşdırma üstünlüyü fəaliyyətim tanınıb, amma mükafata qədər gedib çıxa bilməmişəm.

-Dərs dediyiniz Şimali Karolina Universitetində azərbaycanlı tələbələr təhsil alırmı?

-Bu günə qədər iki azərbaycanlı tələbəm olub. Onu da bildirim ki,  azərbaycanlı tələbələrim çox istedadlı olub . Təbii ki, qərib ölkədə təhsil alan istedadlı tələbələri gördükdə çox qürur duyuram.

-Əli müəllim,sizcə, universitet öz imicini qoruyub saxlamaq üçün nə etməlidir? Azərbaycanda bunu bacara bilən ali məktəb varmı?

-İlk növbədə universitet öz imicini yaratmalıdır. Amma Azərbaycanda qismən fərqlənən iki universitet mövcuddur. Həmin universitetlərdən biri öz profilini dəyişdi, qaldı digəri…  Qeyd etdiyim universitetlərin də adını demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, çabalayaraq, su  üzərinə çıxmaq istəyən  universitetlərimiz var. Bütün problemləri kökündən həll etmək üçün Azərbaycan təhsilində böyük inqilabın vaxtı çoxdan çatıb.

-Hazırda xaricdə elmi fəaliyyətlə məşğulsunuz. Maraqlıdır xaricdəki azərbaycanlı alimlərdən kimlərin məqalələri nüfuzlu jurnallarda daha çox dərc olunub?

-Bu suala cavab vermək bir qədər çətindir. Amma qeyd edim ki, ara-sıra  nüfuzlu jurnallarda azərbaycanlı alimlərin məqalələrinə rast gəlinir.Təbii ki, bu da sevindirici haldır.

-Hazırda ABŞ-da pedaqoji fəaliyyətlə məşğulsunuz. İstərdik ki, bir pedaqoq kimi azərbaycanlı və ABŞ tələbələrini müqayisə edərdiniz.

-ABŞ-la müqayisədə azərbaycanlı tələbələr daha istedadlıdırlar. Fikrimcə, azərbaycanlı tələbələrin ümumi səviyyəsi daha yüksəkdir.

Keçmiş zamanlarda belə idi: Tələbələr universitetlərdə yüksək qiyməti rüşvət və ya tanışlıqla ala bilirdilər. Yəni, bu kimi prosesin tamamilə dəyişməsinə inanmıram, amma azalmış ola bilər.  Həmçinin, belə şəraitdə, tələbəyə qarşı adil və dürüst münasibətdən söhbət gedə də bilməz. Çox istedadlı tələbələri görmüşəm ki,  universitet onları küsdürərək,  məhv edib.  İnkişaf  üçün böyük təhsil reformu lazımdır.

 -Əli müəllim, bəzi gənclər təhsilin magistr və ya doktorantura səviyyəsini məhz xarici ölkələrdə oxumaq istəyirlər.Sizcə, buna səbəblər nələrdir?

-Gənclərdə Azərbaycan ali təhsilinə inam yoxdur. Hər hansı bir şeyə nail olmaq istəyən və özünəgüvənən gənclər xaricdə təhsil almağa can atır. Xaricdə təhsil alanlar  geri qayıtsaydılar, Azərbaycana böyük xeyri olardı.

-Sizcə, AMEA-ın fəaliyyəti xarici elmi arenada necə görünür?

-Fikrimcə, o qədər də yaxşı görünmür. Azərbaycanda dəyərli elm adamlarımız mövcuddur. Amma sovet dövründən miras qalan bəzi elmi institutları dünya standartlarına uyğunlaşdırmaq lazımdır. Orada seçimlər necə gedir? Bu suallara cavab verilsə, oranın necə işlənildiyini görəcəksiniz. O sistemin içində də puç olan istedadlar var.

-Bəs Azərbaycan elminin gələcək potensialını necə görürsünüz?

-Hər şey inkişafın yollarını açmaqdan keçir. Azərbaycanda hər cür potensial var. Azərbaycan gəncləri  bulaq kimi qaynayır. Amma onların inkişafı üçün şərait yaratmaq lazımdır. Bu da çoxlu köklü  dəyişiklər  tələb edir.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu