Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 17:42:00
Orta məktəblərdə peşəyönümü işi davam etdirilir

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Binəqədi rayon tam orta məktəblərində peşəyönümü işini davam etdirirlər.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a  bildirilib ki, peşə təhsilinin təbliği məqsədilə istehsalat təlim ustaları Sahibə Qulubəyli, Nuranə Qasımova Binəqədi rayon Biləcəri qəsəbəsi 279 nömrəli, Tellibəyim Ələkbərova və Şakirə İsmayılova isə Binəqədi rayon 179 nömrəli tam orta məktəblərdə olublar.

Təlim ustaları mərkəzin maddi-texniki bazası, tədris edilən ixtisaslar, qəbul qaydaları haqqında şagirdlərə ətraflı məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.