Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 16:08:00
Azərbaycanda yeni peşə təhsil mərkəzi yaradılır

Tədrisin daha effektiv təşkili məqsədilə əmək bazarının dəyişən tələblərini, işəgötürənlərin maraq və öhdəliklərini nəzərə alaraq, yüksəkixtisaslı kadrların yetişdirilməsi, yeni tələb olunan ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlər görülür.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, Azərbaycan Respublikası və Koreya Respublikası hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) bazasında Koreyanın tədris standartları əsasında yeni peşə təhsil mərkəzi yaradılır. Nümunəvi təhsil müəssisəsi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Burada mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ümumilikdə 8 ixtisas tədris olunacaq. Mərkəzdə tikinti və təchizat işlərinin 2019-cu ilin sentyabr ayında başa çatacağı nəzərdə tutulur.

Yeni peşə təhsil mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı kadrların 1 ay müddətində Bakıda, 3 ay isə Koreyada keçirilən təlimlərdə iştirakı təmin edilib. Təlim keçmiş ixtisaslı kadrlar Bakıda tədris prosesinə cəlb olunan digər mütəxəssislər üçün təlimlər təşkil edəcəklər. Mərkəzdə təhsilin məzmunu ölkə reallıqları nəzərə alınmaqla koreyalı mütəxəssislər tərəfindən hazırlanıb. Artıq tədris olunacaq 8 ixtisas üzrə təhsil proqramları (kurikulumlar) tərtib olunub və onların əsasında modullar hazırlanır.

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarını ödəyə bilən rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır.