Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-22 14:12:00
Dövlət Proqramı ilə xaricə göndərilmiş 143 tələbənin maliyyələşdirilməsi donduruldu

Dövlət Neft Fondu tərəfindən 2018-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  maliyyələşdirilməsinə 7 milyon 235,7 min manat (4,4 milyon dollar) vəsait ayrılıb və bu xərc maddəsi büdcədə nəzərdə tutulan vəsaitə (16 milyon 218 min manat) nisbətən 44,6 faiz səviyyəsində icra olunub.

AzEdu.az ONA-ya istinadən məlumat verir ki, bu, “Azərbaycan Respublikasının 2018-il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu, 2017-ci ilin icra göstəricisi (17 milyon 7 min manat) ilə müqayisədə 9 milyon 774 min manat və yaxud 57,5 faiz aşağı olub.

Dövlət Proqramının sifarişçisi olan Təhsil Nazirliyi tərəfindən aşağı icranın səbəbləri izah edilib. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların təhsil xərclərinin maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il üçün proqnozlaşdırılan məbləğ (16 milyon 218 min manat) müəyyən edilərkən 1 nəfər tələbə üzrə illik xərc orta hesabla 36 min manat hesablanıb. Proqnozlaşdırılmış vəsaitdə Dövlət Proqramı çərçivəsində əvvəlki tədris illərində qəbul olunan, lakin təhsil xərclərinin maliyyələşdirilməsi müvəqqəti olaraq dondurulmuş bir qrup tələbənin xərcləri (143 tələbə ilə bağlı təxminən 5,15 milyon manat) də nəzərdə tutulub. Lakin həmin tələbələrin təhsillərində olan problemlər aradan qaldırılmadığı üçün onlarla bağlı heç bir maliyyələşdirmə aparılmayıb.

Bununla yanaşı, 2018-ci ilin dekabr ayının sonuncu ongünlüyündə vaxt məhdudiyyəti nəzərə alınaraq, təhsil xərclərinin maliyyələşdirilməsi sifariş edilməmiş tələbələr, eləcə də təhsil xərcləri 2018-ci il ərzində Təhsil Nazirliyinin müvafiq hesabına geri qaytarılmış vəsait (universitet və tələbələr tərəfindən geri qaytarmalar təxminən 130 min manat) hesabına təhsil xərcləri ödənilmiş tələbələr də olub. Qeyd edilənlər nəzərə alınaraq, 2018-ci il üçün proqnozlaşdırılan məbləğdən az vəsait maliyyələşdirilib.

Rəydə nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsi qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Təhsil Nazirliyinin sifarişləri əsasında xarici valyuta ilə və yaxud sifarişin rəsmiləşdirmə tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. 2018-ci il ərzində Təhsil Nazirliyinin sifarişləri əsasında ayrılmış ümumilikdə 7 milyon 235,7 min manat məbləğində vəsait 2 milyon 581,3 min manat, 321 min 572,53 avro,  481,1 min funt-sterlinq, 1 milyon 723,5 min dollar olmaqla maliyyələşdirilib.