Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-21 13:55:00
Buraxılış imtahanlarının nəticələri açıqlandı - RƏSMİ

11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

DİM-dən AzEdu.az-a bildiriblər ki, imtahanda iştirak etmiş şagirdlər (28634 nəfər) DİM-in internet saytında  https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. 

Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 30-31 may və 3-5 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 22-24, 27 və 29 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Bir daha xatırladırıq ki, abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.