XƏBƏRLƏR

21.05.2019 12:55
Rusiya Elmlər Akademiyasının prezidenti: Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

AzEdu.az-ın məlumatına görə, sənəd AMEA prezidenti, akademik Akif Əlizadə ilə ölkəmizdə rəsmi səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyev arasında baş tutan görüş çərçivəsində imzalanıb.

Görüşdə çıxış edən akademik Akif Əlizadə uzun illərdir AMEA ilə REA arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, REA prezidentinin Azərbaycana etdiyi bu səfər tərəflər arasında olan əlaqələrin inkişafına, gələcək əməkdaşlığa töhfə verəcək.

A.Əlizadə deyib ki, ötən dövrdə elmin müxtəlif sahələrində baş verən dəyişikliklər Rusiya Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan müqavilənin yenilənməsinə ehtiyac yaradıb.

Akademik Aleksandr Sergeyev gələcəkdə müxtəlif sahələr üzrə fundamental tədqiqatların genişləndirilməsi məsələsi barədə danışıb.

Onun sözlərinə görə, bu gün hər iki ölkə üçün önəmli olan, mineral resurslarla zəngin Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir.

A.Əlizadə isə bildirib ki, Xəzərin, onun dib çöküntülərinin, resurslarının öyrənilməsi nəzərdə tutulur: "Qafqazın Rusiya alimləri ilə birlikdə öyrənilməsi, insanların Qafqazda məskunlaşması, dənizaltı, sahil-arxeoloji tədqiqatların aparılması Rusiya və Azərbaycan alimləri üçün çox vacib istiqamət olub".

Rusiya Elmlər Akademiyasının prezidenti sazişin imzalanmasının elmin, texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıdığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti İbrahim Quliyev qeyd edib ki, olduqca unikal ərazi olan Qafqaz regionunun, xüsusilə seysmoloji vəziyyətin və vulkanların öyrənilməsi baxımından araşdırılması faydalı olar.

AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova Rusiya alimləri ilə humanitar sahələr üzrə birgə tədqiqatların aparılmasını təklif edib.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapır.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

İlin gənc müəllimi-Müraciət formu