Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-20 15:30:00
Son qəbul imtahanında Ədəbiyyat suallarının çətin düşməsinin səbəbi – Ekspert şərhi

Mayın 19-da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

2019-cu ildən qəbul imtahanları kurikulum standartlarına uyğun  təşkil olunduğundan imtahanın formatı və suallarla bağlı fikirlər birmənalı deyil.

Xüsusilə də Ədəbiyyat fənni üzrə sualların yeni formata tam uyğun olduğu və yeni mövzular əsasında hazırlandığı qeyd edilir.

AzEdu.az mövzuyla bağlı Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin münasibətlərini öyrənib.

Təhsil üzrə mütəxəssis, Azərbaycan dili və Ədəbiyyat müəllimi Elxan Nəcəfov qəbul imtahanında Azərbaycan dili fənni üzrə ənənəvi test toplusundan xeyli istifadə olunduğunu vurğulayıb:

“Ümumilikdə şagirdlər Azərbaycan dilindən çox da çətinlik çəkməyiblər.Ədəbiyyat isə gözlənilən idi. Azərbaycan dili ilə müqayisədə suallar bir qədər çətin kimi görünür. Səbəb də dərsliklərin tamamilə yenilənməsidir. Hələki 700 baldan danışmaq tezdir. Bildiyim qədər hələ bu balı toplaya bilən yoxdur”.

Elxan Nəcəfovun sözlərinə görə, Ədəbiyyatdan düşən suallar yeni modellər və mövzular üzərində qurulub:

“Situasiya (mətn) suallarının yoxlanmasında bəzi şagirdlərdə müəyyən narazılıqlar var. Bunlar həllini tapsa, imtahanın normal keçdiyini söyləmək olar”.

Azərbayan dili və Ədəbiyyat müəllimi Məcid Musayev qəbul imtahanına düşən sualların asan olduğunu diqqətə çatdırıb:

“Suallar gözlədiyim kimi rahat idi. Məncə, imtahana heç də çətinlik çəkiləcək suallar əlavə olunmamışdı. Ümumi mənzərəyə nəzər salsaq, şagirdlər Ədəbiyyatdan müəyyən qədər çətinlik çəkiblər. Bu da onların diqqətindən kənar qalan mövzuların nəticəsidir.

Ümumilikdə isə tapşırıqlar çox yaxşı, məntiqli və rahat idi”.

Məcid Musayev qeyd edib ki, şagirdlər Azərbaycan dilini daha yaxşı, Ədəbiyyatı isə sadəcə yaxşı, orta səviyyədə yazıblar:

“Heç bir şagirdim imtahandan narazı qalmayıb. İmtahan başlayandan bitənə qədər hər şeyin deyildiyi kimi şəffaf və düzgün olduğunu vurğuladılar. İmtahana nəzarətin güclü təşkil olunduğunu qeyd etdilər.  Hətta 700 bal toplayacağını gözlədiyim şagirdim də var”.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları