Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-18 14:36:00
Neft və fizika ilə bağlı qeyri-adi sınaqlar aparan Bakı məktəbliləri – “Kiçik Akademiya”dan reportaj

 

Yasamal Rayon 31 saylı məktəbdə “Kiçik Akademiya”nın bir illik hesabat tədbiri keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilən  “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Kiçik Akademiya” yaradılıb.

Akademiyanın məqsədi  şagirdlərin elmi potensialını inkişaf etdirmək və onları “Sabahın Alimləri”nə hazırlamaqdır.

Qeyd edək ki. “Kiçik Akademiya” ölkənin bir çox məktəblərində fəaliyyət göstərməkdədir.

Bu dəfə isə 31 saylı məktəbin “Kiçik Akademiya”sı illik hesabat tədbirini həyata keçirib.

Tədbir dövlət himni ilə başlanılıb. Burada məktəb kollektivi və görkəmli alimlər iştirak ediblər.

Akademiyada 3 qrup fəaliyyət göstərir: ”Azəri” , ”Çıraq”, “Günəşli”. Hər komanda  tədbir ərzində 2 təcrübə həyata keçirib.

”Azəri” komandası “Səs dalğalarının tədqiqi”, “Kern nümunələrinin aparılması” ilə bağlı təcrübələr aparıb.

”Çıraq” komandası  məsaməliyin tədqiqi və  neft sızmalarına dair eksperimentlərini təqdim edib.

”Günəşli” komandası “Quyunun perforasiya edilmiş qoruyucu boru kəməri”, Partezian Dalğıc”  “Sıxlığın anlaşılması ilə bağlı” eksperimentlərini nümayiş etdirib.

Sonda isə Azərbaycan Pedaqoji Universitetin müəllim heyəti, fizika elmlər doktoru professor Mirzəli Murquzov, Xəlil Padarov, Sevinc Cəlilova, Şakir Xəlilov “Kiçik Akademiya” ilə bağlı fikirlərini deyiblər.

31 saylı məktəbin direktoru Kərim  Abidi qonaqlara təşəkkürünü bildirib və  "kiçik akademiya"ya uğurlar arzulayıb.

Budəfəki akademiya üzvləri geyimləri, bayraqları və atributları ilə seçiliblər.

AzEdu.az əməkdaşı layihənin rəhbəri və komanda üzvləri ilə ünsiyyətdə olub:

Layihənin rəhbəri, fizika müəllimi Ülviyyə Həsənova bu ideyanın uzun müddətdir  var olduğunu qeyd edib:

“2015-ci ildə Beynəlxalq Neft Cəmiyyəti  treninqlər həyata keçirirdi. Bu tədbirdə neft çıxarılan ölkələrdən olan müəllimlər toplanır və onlara  neft məhsullarının çıxarılma və emal prosesi haqqında  məlumatlar verilirdi. Bu biliklər bizə amerikalı mütəxəssislər tərəfindən çatdırıldı.

Təhsil Nazirliyinin xətti ilə “Kiçik Akademiya” yaradıldı. Burada əsas məqsəd “Sabahın Alimləri”ni yetişdirməkdir.

Mənə  bu akademiyanı məktəbimizdə yaratmaq təklifi ediləndə   bir neçə istiqamətdə layihə həyata keçirməyi düşündüm.

Uşaqları könüllülük prinsipi əsasında seçdik. Onların fizikaya aid bilikləri də əsas götürüldü. Çünki neftlə bağlı hadisələrin kökündə fiziki proseslər dayanır”.

Neftin yaranma tarixi, onun tərkibi, çıxarılma üsulları, dalğıcların iş prinsipi haqqında şagirdlərə geniş məlumat verdim”.

Tədbirin ərsəyə gəlməsində məktəbin Fizika müəlliməsi,  şairə Kəmalə Abıyevanın da böyük rolu olub.

O sözlərində “Kiçik Akademiya”da Fizika fənninə həvəsi olanların toplandığını deyib:

“Mən hazırlıq prosesində yaxından iştirak edirdim. Rəhbərimiz Ülviyyə xanım bu layihəyə çox həvələ yanaşırdı. Hər həftə uşaqlarımız böyük maraqla  məşq prosesində iştirak edirdilər.

Azərbaycan neft ölkəsi olduğu üçün gələcəyə savadlı neftçilər yetişdirməyimiz vacibdir. Bu orta məktəb müəllimlərindən asılıdır. Biz əgər bu sahənin maraqlı olduğunu göstərsək, onlarda buraya meyl edəcəklər.

Neft sahəsi ilə məşğul olanlar hansı ölkəyə getsələr, mütləq nailiyyət əldə edə biləcəklər.

Azad Mirzəcanzadə neft sahəsi üzrə bütün dünyada tanınırdı.

Mən bu layihə ərzində uşaqlara yaxından dəstək oldum. Layihəsinin təqdimində köməklik göstərdim.

Azərbaycan Pedaqoji Universiteti layihənin ərsəyə gəlməsində yaxından köməklik göstərib. Onlar bizi dəvət edib, təcrübələrini şagirdlərimizlə paylaşdılar”.

“Çıraq” komandasının üzvü, VIII sinif şagirdi Həsənova Ləman apardıqları  araşdırmadan danışır:

“Biz bu eksperimentdə neft sızması zamanı baş verən məsaməliyi ölçdük. İri ölçülü çınqıllarla iş prosesini həyata keçirdik. Menzurkalarla işlədik. Sonda belə nəticəyə gəldik ki, iri ölçülü çınqıllarda boşluqların faiz nisbəti daha çoxdur.

Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov kimi  milyonçular haqqında öyrəndik”.

Çıraq” komandasının daha bir  üzvü Hüseynli Xədicə  neft sızmalarının tətbiqinə dair eksperimenti həyata keçirib. Özünü dinləyək:

“Sentyabrdan etibarən bu qrupda hazırlıq işləri aparırıq. Bir çox maraqlı hadisələr yaşamışıq. Müxtəlif ekskursiyalarımız olub. Bütün çətinliklərin öhdəsindən müəllimlərimiz sayəsində gəlmişik.

Düşünürəm ki, tədbir  çox maraqlı keçdi. Bilmədiyimiz bir çox məqamları öyrəndik”.

“Günəşli” komandasının üzvü, məktəbin IX sinif şagirdi Quliyeva Ayan Fizikanı çox sevdiyini və  qeyd edib:

“Əsas məqsədimiz neftin necə çıxarıldığını öyrənməkdən ibarətdir. Quyunun perforasiya olunmuş borucuqlar vasitəsi ilə istifadəsini öyrəndik. Hər şey çox maraqlı idi”.

VII sinif şagirdi,  “Azəri” komandasının üzvü Əliyev Nihad  Kern nümunələrinin götürülməsi ilə bağlı təcrübə aparıb:

“Bu təcrübənin məqsədi süxur və çöküntülərin müxtəlif formada yaranmasını göstərmək idi. Hazırlıq prosesində bəzən eksperiment alınmırdı və biz yenidən təcrübəni həyata keçirməli olurduq. Amma tədbir əsnasında heç bir problem yaşanmadı.

Belə bir layihənin ərsəyə gəlməsində məktəbimiz böyük rol oynayıb.”.

VIII sinif şagirdi İsmayılov Amin “Azəri” komandasının üzvüdür. Onun da məşğul olduğu eksperiment maraqlılığına görə fərqlənir:

“Səs dalğalarının yayılması ilə bağlı eksperiment aparırdım. Biz bu təcrübəylə göstərdik ki, neftin aşkar olunmasında səs dalğalarından istifadə olunur. Bu təcrübəni apararkən heç bir çətinlik yaşamadıq”.

IX sinif şagirdi, “Günəşli” komandasının üzvü Abbasova Lalə də, Kern təcrübəsini həyata keçirib:

“İlk dəfə eksperimenti etdikdə alınmamışdı. Bu məni bir az həvəsdən saldı. Sonradan sınadım və bacardım”.

VII sinif şagirdi Balaxanov Əzizağa “Azəri” komandasının üzvüdür. O Kern nümunələri ilə bağlı eksperimenti təqdim edib.

“Burada bir çox maraqlı hadisələr yaşandı. Bu bizə çoxlu təcrübələr qazandırdı”.

Şükufə Süleymanlı