Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 11:19:37
BANM Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə memorandum imzaladı  

Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, imzalanma mərasimində Ali Məktəbin və Agentliyin rəhbərliyi, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov imzalanmış Anlaşma Memorandumunun ali təhsil müəssisəsi və özəl sektor arasında əməkdaşlığın daha bir nümunəsi olduğunu və istər tələbələrin, istərsə də BANM-də çalışan akademik heyətin innovativ ideyalarının Agentlik tərəfindən dəstəklənməsinə şərait yaradacağını qeyd edib. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik və BANM arasında Anlaşma Memorandumunun imzalanmasından məmnunluğunu bildirib. O, BANM tələbələrinin startup layihəsi ilə tanış olduğunu, gələcəkdə onların  orta və kiçik sahibkarlıq vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində işlərin görüləcəyini və Agentliyin peşəkar mütəxəssislərinin tələbələrə master klasslar keçirəcəyini qeyd edib.

Bu Anlaşma Memorandumu bir sıra çoxsaylı istiqamətlərlə yanaşı, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin dəstəklənməsinə və  ixtiraçıların fəallığının artırılmasına dəstək olacaq. Eyni zamanda imzalanmış Memorandum BANM-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzləri ilə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində BANM və Agentlik arasında əməkdaşlığın qurulmasına, həmçinin müvafiq istiqamətlərdə müştərək layihələrin icrasına töhfə verəcək.

BANM tələbələrin praktika, startap, innovasiya, ixtira  və digər bu kimi fəaliyyət və təşəbbüslərini dəstəkləmək məqsədi ilə özəl sektorla yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıqlar sırasında ölkədə fəaliyyət göstərən həm transmilli şirkətlər, həm də digər müvafiq yerli qurumlar yer alır.