Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 17:48:43
Özünü doğrulda bilməyən kolleclər bağlanacaq - Millət vəkili

“Bu gün kolleclər  dövlət büdcəsindən maliyyələşdikləri halda özlərini doğrulda bilmirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.

Kolleclərin publik hüquqi şəxs status almasından danışan xanım deputat bu addımın onların sıradan çıxmasıylanəticələnəcəyinibildirib:

“Kolleclər publik  hüquqi şəxs olaraq dövlətdən maliyyələşməsələr özlərini doğrulda bilməyəcəklər. Çünki Azərbaycanda kollec təhsilinə qarşı olan yanaşmalar stereotiplər hələ də mövcuddur: -“Texnikomdur, yüksək balla uşaqlar ora getmirlər və s”.

Kolleclərin hazırladığı məzunlar da o qədər də yüksək intellekt səviyyəsinə malik deyillər.  Bizim çox ciddi şəkildə yaxşı təhsil almış, savadlı tibb bacılarına ehtiyacımız var. Bu gün özəl müəssisələrdə tibb bacılarının, laborantlar, fizio-terapevtlərin və s. bu kimi kadrlara tələbat var. Savadlı kadrların yetişdirilməsi üçün müəssisələr hətta onların təhsil haqlarını qarşılamağa da hazırdırlar. Bu gün kolleclər  dövlət büdcəsindən maliyyələşdikləri halda özlərini doğrulda bilmirlər. Dövlətdən gəlir olmadıqda, publik hüquqi şəxs kimi kolleclərin böyük qismi bağlanacaq.

“Bəzi kolleclər ali təhsil müəssisələrindəki ixtisasları təkrarlayır”

Sona xanım eyni zamanda universitetləri təkrarlayan, özünü doğrulda bilməyən kolleclərin bağlanmasına ehtiyac olduğunu qeyd etdi:

“Bəzi kolleclər ali təhsil müəssisələrindəki ixtisasları təkrarlayır:məktəbəqədər təhsil müəssisəsindəki tərbiyəçiləri həm Azərbaycan Dövlət Pedoqoji Universiteti, həm də kolleclər hazırlayır. Bu baxımdan düşünürəm ki, bir-birini təkrarlayan, zərurət olmayan, özünü doğrulda bilməyən kolleclər yavaş-yavaş sıradan çıxacaq. Kolleclərin birdən-birə ləğv edilməsi də düzgün olmazdı. Özünü doğruldan, yaxşı iş ortaya qoyan, savadlı kadrlar hazırlaya bilən kolleclər öz fəaliyyətlərinə davam edəcək. Bu gün peşə təhsil müəssisələri ilə bağlı   islahatlar aparılıb.  nəticədə bəzi peşə məktəblərinə həddən artıq tələbat olsa da  elə peşə məktəbləri var ki, onlar heç qrup toplaya bilmirlər. Bunlar düşünülmüş addımlardır. Özünü doğrulda bilməyən təhsil müəssisələri artıq yavaş-yavaş sıradan çıxacaq. Bu kolleclərdə də belədir. Zənnimcə  kolleclərə bir növ seçim hüququ verilib.  Özünü doğrulda bilməyən kolleclər də bağlanacaq, ki məncə bəzi kolleclərin bağlanmasına həqiqətən  ehtiyac var”. 

Xatırladaq ki, Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun  imzaladığı qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. 

Qərara əsasən orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında”  2011-ci il 14 yanvar tarixli qərarın 1-ci hissəsi ("Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" -1 nömrəli əlavə) ləğv olunub.

Rəna Nəbi