Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-16 16:41:00
Diplomu klinikada saxlanılan rezident xaricə imtahan verdikdə nə etməlidir? – Çıxış yolu  

AzEdu.az təhsilin bütün istiqamətləri üzrə insanları narahat edən məqamlara aydınlıq gətirməkdə davam edir.

Son vaxtlar tibb məzunlarını narahat edən məsələlərdən biri isə bakalavr diplomları ilə bağlıdır: Çox vaxt Azərbaycandakı kliniki bazalardan birinin rezidentura pilləsinə qəbul olunan məzun sonradan fikrini dəyişərək, xarici ölkəyə imtahan vermək qərarına gəlir. Amma bunun üçün ona bakalavr sənədləri, xüsusilə də diplom lazım olur. Kliniki baza isə qəbul etdiyi rezidentin bakalavr diplomunu özündə saxlayır və o, xaricdə təhsil almaq istədikdə xeyli çətinliklərlə üzləşir.

Bəs, kliniki bazanın rezidentin bakalavr diplomunu alaraq özündə saxlaması qanunidir? Ümumiyyətlə, tibb təhsili üçün xaricə imtahan verən rezident nə etməlidir?

AzEdu.az məsələnin qanuni tərəflərinə aydınlıq gətirmək məqsədilə Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovla əlaqə saxlayıb.  O, bildirib ki, hazırda rezidentin bakalavr diplomu qəbul olunduğu kliniki bazada qalır. Yalnız rezidenturanı bitirdikdə diplom həkim mütəxəssisə təhvil verilir:

“Əslində, belədə olmalıdır. Çünki bakalavr pilləsinə qəbul olunanların da attestatı 4 il universitetdə saxlanır.

Əvvəl diplomların surətlərini də özümüzdə saxlayırdıq. Sonradan bu barədə göstəriş verildi. Məlum oldu ki, rezident 2 yerdə oxumaq üçün sənəd verə bilməz.  Bəzən o başqa ölkəyə də imtahan verir. Adı rezidenturada gedərək diplomu götürüb başqayerə təhvil verir. Bu, düzgün deyil. Qısası, qanunla rezidentin bakalavr diplomu qəbul olunduğu kliniki bazada qalmalıdır.

Amma ola bilər ki, onu buradakı təhsilində nəsə qane etməsin. Biz belələrinə imkan yaradırıq. Çünki hamının arzusu var. Rezident gəlir ki, imtahanda iştirak edə bilmək üçün diplomumu filan yerə verməliyəm. Biz də ona notarial təsdiq üçün şərait yaradırıq. Diplomunu veririk ki, gedib notarial təsdiqini çıxarsın.  Sonra təsdiqi istədiyi yerə versin. Çünki təhsil azaddır. Fərqli ölkədə təhsil almaq onun hüququdur.

Amma rəsmi tərəfini soruşsanız, rezidentin sənədləri təhsil aldığı kliniki bazada qalmalıdır”.

Qeyd edək ki, yekun Attestasiyadan müvəffəqiyyətlə keçib “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi alan rezidentlərin diplomları hazır olduqda Səhiyyə Nazirliyinin rəsmi internet saytında bu barədə elan verilir. Saytı izləmək və verilən elanda qeyd olunan tarixlərdə və yerdə diplomu əldə etmək lazımdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları