Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-20 14:35:44
Kanadada təhsil alan azərbaycanlı tələbə: “Bura gələndə “mədəniyyət şoku” keçirdim” 

AzEdu.az Modern.az-ın bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılarını təqdim edir:

Layihənin bu dəfəki qonağı Süleyman Həsənzadədir. O, hazırda Kanadanın Vaterloo Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə təhsil alır. 

Nənəsinə minnətdar olan tələbə

Süleyman deyir ki, onda riyaziyyata olan həvəsi ata-anası yaratmayıb.

“1996-cı ildə Lənkəranda doğulmuşam. 2002-ci ildə Lənkəran 3 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm. 6 il 3 saylı məktəbdə oxuyandan sonra 2008-ci ildə  Lənkərandakı “İstək” Liseyinə qəbul olunmuşam. Olimpiadaya marağım elə-belə yaranmamışdı. Riyaziyyat fənninə uşaqlıqdan xüsusi həvəsim vardı. Məndə bu marağı ilk dəfə nənəm yaradıb. İbtidai sinfə getmədən belə nənəmin riyaziyyata olan marağı  çox balaca yaşlarımdan diqqətimi çəkib. Beləliklə, nənəmdən bir çox fundamental  sayılan ilk riyazi biliklərimi toplamışam. Düşünürəm ki, kiçik yaşlarımda yaşıdlarımdan öndə olmağımın səbəbi budur və buna görə nənəmə özümü borclu hesab edirəm”. 

Bəs olimpiada yarışlarına necə qatıldı...


Kanadada təhsil alan tələbə deyir ki, olimpiadaya qatılmasında müəllimlərinin xüsusi rolu olub.

“Olimpiadaya qatılmağıma gəlincə, bu, 7-ci sinifdə oxuduğum zaman baş verdi. Riyaziyyat müəllimimin qərarına əsasən, məni məktəbin 2 riyaziyyat olimpiadaçısından biri kimi seçdilər. 9-cu sinifdə oxuyanda olimpiadaya olan ciddi marağım sayəsində məni Bakıdakı Nərimanov “İstək” liseyinə transfer etdilər. 2010-cu ildən başlayaraq təhsilimi burda davam etdirməyə başladım. Bura gələndə daha çox oxumalı və çalışmalı olduğumuzu öyrəndik. 2011-ci ildə Junior Balkan Olimpiadasına getmə şansı əldə etdim və gümüş medal qazandım. Ondan sonrakı illərdə isə Balkan olimpiadasında bürünc, Jautikov olimpiadasında gümüş, beynəlxalq riyaziyyat olimpiadasında isə həvəsləndirici mükafata layiq görüldüm. 2013-cü ildə “İstək” Liseyindən məzun olduqdan sonra təhsilimi xaricdə riyaziyyat sahəsi üzrə davam etdirmək qərarına gəldim və Kanadanı seçdim”. 

“Kənd mühitindən o qədər dahi insanlar çıxıb ki!”

Lənkərandan Kanadaya kimi gedib çıxan Süleyman kənd-şəhər mühitinin insana verdiyi özəllikləri belə izah edib:

“Çox vaxt deyirlər ki, rayonda oxuyan şagirdlərin səviyyəsi çox aşağı olur. Bəzən də şəhər müəllimlərinin daha savadlı olduğunu və ona görə şəhər uşaqlarının ali məktəblərə qəbul zamanı daha yaxşı nəticə göstərdiklərini söyləyirlər. Bu fikirlərlə razı deyiləm. Ailə və müəllimlərin rolu böyükdür. Nümunə olaraq özümü göstərə bilərəm. Kənd mühitində böyüsəm də, yaxşı təhsil ala bilmişəm. Ümumiyyətlə, kənd mühitindən o qədər dahi insanlar çıxıb ki!”.

“Azərbaycana qayıtmağı düşünürəm”

Tələbə Azərbaycana qayıtmaq istəyindən də danışıb:

“Bir neçə ildən sonra Azərbaycana qayıdacam. Hələ ki bir neçə il gənc olaraq mənə təcrübə lazımdır. Təcrübə topladıqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Oxuduğum sahə ilə bağlı daha çox iş Amerika, İngiltərə, Almaniyada  olur. İş karyeramı davam etdirsəm, ya Şimali Avropa, ya Amerika, ya da Kanada şəhərlərindən birini seçərəm. Bunu çox arzulayıram. Buradakı texnologiya mənə çox rahatdır və bir qədər də önə çıxmağıma kömək olar. Magistr təhsili də almaq istəyirəm. Bunu bir neçə ildən sonra fikirləşirəm. Öncə işləmək istəyirəm. Hazırda sonuncu semestrdəyəm”. 

“Kanada adətlərinə alışmışam”

Azərbaycanlı tələbə Kanada adətlərindən də söz açıb:

“2013-cü ilin mayında türk liseyini bitirdim. 2014-cü ildə Kanadada ali təhsilə başladım. İlk gəldiyim gündən bu günə kimi xasiyyətimdə çox böyük dəyişikliklər baş verib. Kanadaya gələndə insanların daha açıq düşüncəli olduğunu gördüm. Halbuki, bizə qapalı olan adətləri burda açıq şəkildə gördüm. Bir növ buraya gələndə “mədəniyyət şoku” keçirdim. Azərbaycanla müqayisədə isə geyimə, qidaya, yaşama daha çox pul xərcləyirsən. Kanadadan olan dostlarla rahat ünsiyyət qura bilirik. Artıq Kanada adətlərinə alışdığımı deyə bilərəm”.

“Azərbaycan həqiqətlərini yaymağa çalışırıq”

Süleyman Həsənzadə təəssüflə deyir ki, kanadalıların heç də hamısı Azərbaycan haqqında bilgilərə malik deyil:

“Kanadalılar arasında Azərbaycanı tanıyanlar var, bu da çox azdır. Bizim Vaterloo Universitetində bir kabinetimiz var. 50, ya da 60 nəfərik. Bizim məqsədimiz azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərini dünyaya tanıtmaqdır. Xocalı soyqırımı ərəfəsində mitinqlər də təşkil etməyə çalışırıq. Təəssüfedici məqamlar da var. Çox vaxt “mən Azərbaycandanam” deyəndə ölkəmizi tanımırlar. Azərbaycanı tanımayan insanların təəssüf ki, Dağlıq Qarabağ problemindən də anlayışları yoxdur. Sadəcə, kanadalılar Qarabağı erməni lobbisinə görə tanıyırlar. Çünki burada erməni lobbisi çox güclüdür”.